"BoJ": İnflyasiya gözləntiləri artıq zəifləmir

23 Yanvar 2018

Yaponiya Bankının inflyasiya gözləntilərinə dair ifadələrində dəyişiklik müşahidə edilir, yumşaq monater siyasətinə davam etməkdədir.

"BoJ": İnflyasiya gözləntiləri artıq zəifləmir

Yaponiya Mərkəzi Bankı (ing.: "BoJ") yumşaq monetar siyasətinə davam etməklə yanaşı, qiymət və iqtisadi gözləntilərini dəyişməyib. Lakin inflyasiya ilə bağlı gözləntilərinin azalmadığını da əlavə edib. 

Belə ki, çərşənbə axşamı faiz qərarından (uçot faiz dərəcəsi mənfi 0.10%-da saxlanıldı) sonra açıqlama verən "BoJ", 2%-lik hədəflərinə çatmaq üçün uçot faiz dərəcələrini və istiqraz alışlarını cari səviyyələrdə saxlayacaqlarını bildirib. 

Eyni zamanda, bankın inflyasiya gözləntiləri dəyişməyib. Bundan öncə isə bankın ifadələri gözləntilərin azalması istiqamətində idi. Bunun qarşılığında qiymətlərə dair risklərdə qismən azalma müşahidə edilir. Yaponiya Bankı aprel ayında başlayan hesabat ili ərzində 1.4%-lik iqtisadi inkişaf və inflyasiyanın 1.4% olacağını gözləyir. 

Maliyyə bazarlarında, "BoJ" açıqlamaları USD/JPY məzənnəsinin 110.53 yenə kimi ucuzlaşmasına səbəb olub. 

________________________________________

Faiz qərarı açıqlamasından sonra Bakı vaxtı ilə saat 10:30-da baş tutan mətbuat konfransında isə bank sədri Haruhiko Kuroda yumşaq monetar siyasətin davam etdirilməsinin önəmliyini vurğulayıb: "İqtisadi inkişafın artmasına baxmayaraq, 2%-lik inflyasiya hədəfindən çox uzağıq. Yaponiya iqtisadiyyatının hələ də maliyyə dəstəyinə ehtiyac vardır". 

Mətbuat konfransından sonra USD/JPY yenidən 111.17 yenə kimi bahalaşmağa başladı. 

Qeyd etmək lazımdır ki, 2016-ci ilin sentyabr ayında "BoJ" yeni strategiyasını açıqlamışdır. Yeni planla qısa və uzun müddətli faizlərlə daha çox real faizlərin aşağı salınmasına çalışılır və bu, pul-kredit siyasətinin daha çevik və davamlı olmasına səbəb olacaqdır. Bundan sonra bank artıq daha çox istiqraz almağa çalışmır, əvəzində uzunmüddətli istiqrazlara kimi gəlirliliklərini hədəfə alır. Məlumatlara görə isə Yaponiyanın 10 illik istiqrazlarının gəlirliliyi 0% səviyyəsində olması planlaşdırılır. Uzun müddətli istiqraz gəlirliliyinin qısa müddətli istiqraz gəlirliliklərinin üzərində olması banklar üçün cəlb edici idi. Bununla yanaşı, yeni qərar ilə bank istiqraz alışı proqramının daha da genişləndirilməsi imkanlarını da əlində saxlamış olur.