"BoJ" inflyasiya hədəfi vaxtını ləğv etdi

27 Aprel 2018

Yaponiya Mərkəzi Bankı inflyasiya hədəfinə 2020-ci ilə kimi çatacağını düşünürdüsə, indi bu gözləntilər ləğv olunub.

"BoJ" inflyasiya hədəfi vaxtını ləğv etdi

Yaponiya Mərkəzi Bankı (ing.: "BoJ") artıq inflyasiya hədəfinə qısa vaxtda çatılacağına inanmır. Cümə günü faiz qərarını şərh edən Yaponiyanın birinci bankı, açıqlamasında artıq inflyasiya hədəfinə çatılacağı vaxtını açıqlamayıb. Bundan öncə isə "BoJ" sədri Haruhiko Kuroda inflyasiyanın 2020-ci ilin mart ayına kimi hədəflərinə çatacağını bildirmişdi. Lakin bankın uzun illər davam edən yumşaq monetar siyasətinə rəğmən hədəf çox uzaqdadır. 


Cari hesabat ilinin sonuna kimi bank istehlak qiymətlərinin 1.3%-ə kimi arta biləcəyini gözləyir. Gələcək iki il ərzində isə inflyasiyanın 1.8%-ə çatacağı proqnozlaşdırılır. Bütün bunlarla yanaşı, istehlak qiymətlərində, xüsusilə də bankın daha çox önəm verdiyi baza indeksində kiçik artım müşahidə edilməkdədir. 


Beləliklə, Yaponiya iqtisadiyyatında inflyasiyanın aşağı olması və gözləntilərin zəiflməsi "BoJ"-ya cari siyasətinə davam etməsinə səbəb olur. 


Qeyd etmək lazımdır ki, Yaponiya Bankı ölkə iqtisadiyyatına dəstək olmaq üçün 2016-ci ilin fevral ayından etibarən mənfi uçot faiz siyasəti həyata keçirir."BoJ" kommersiya banklarının əmanətləri qarşılığında onlardan 0.1%-lik haqq tələb etməklə, kapitallarını dövriyyəyə burxamağa və kredit verməyə məcbur edir. Eyni zamanda, mərkəzi bank kütləvi şəkildə istiqraz almaqla dövriyyəyə özü də pul buraxır. Sonuncu yeni qərarı ilə isə bank istiqraz bazarlarında real gəlirliyi qısa və uzun müddətli faizlərlə aşağı tutmağa çalışır. Bu, 2016-ci ildə mənfi uçot faiz siyasəti və istiqraz alışı proqramının nəticələrinin zəif olması qərarından sonra dövriyyəyə buraxılmışdır.