Breksit: Avro və Funt təzyiq altında

11 Dekabr 2018

İngiltərənin AB ilə Breksit razılaşmasını yenidən müzakirə etməsi, Avropada fond indekslərin ucuzlaşması və qızılın bahalaşması diqqət mərkəzindədir.

Breksit: Avro və Funt təzyiq altında

Beynəlxalq valyuta birjalarında İngiltərə hökümətinin Breksit razılaşmasının parlamentdə səs verməyə çıxarılmasının ləğv etməsi, funt sterlinqin 1.25$-a kimi 2% ucuzlaşmasına səbəb olub.


İngiltərənin baş naziri Tereza Mey Avropa Birliyi ilə razılaşdırılan sazişin yenidən müzakirəsi üçün Brüsselə gedəcəyini planlaşdırır. Bu səbəbdən sazişin parlamentdə səs verməyə çıxarılmasının vaxtını uzadıb. Digər tərəfdən isə Avropa Birliyi sazişin hər iki tərəf üçün sərfəli olduğunu və dəyişdirilməyəcəyini vurğulayır. İngiltərədə isə hökümətə qarşı təzyiqlər sazişin ölkə maraqlarına cavab vermədiyi qənaəti ilə güclü olaraq qalır.


Breksit qeyri-müəyyənliyi avronun da 1.1350$-a kimi ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, dünya iqtisadiyyatında risklərin artması fonunda fond bazarlarında da son günlər müşahidə edilən böhran avroya qarşı təzyiqləri artırıb. Belə ki, Avrozonanın ən güclü ölkəsi, Almaniyanın "DAX" indeksi son iki ilin minimum səviyyəsinə - 10582 punkta - kimi ucuzlaşıb. 


Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Almaniya və Avrozonanın iqtisadiyyatlarını ölçən önəmli "ZEW" indeksi də investorların diqqət mərkəzindədir. 


Qızıla tələb artır. 

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin atmasına səbəb olub. 1246$-a təklif edilən qiymət, 1247$-in üzərində möhkəmlənərsə, 1258$-a kimi də dəyər qazana bilər.