"Breksit sazişin hazır olmasına az qaldı" xəbəri və GBP

17 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit müzakirələri investorların diqqət mərkəzindədir.

"Breksit sazişin hazır olmasına az qaldı" xəbəri və GBP

Avropa Birliyi (AB) zirvə toplantısı öncəsi İngiltərə və AB Breksit sazişi fonunda razılıq əldə ediblər. Bu haqda AB Komissiya sədri Jan-Klod Yunker tvitter hesabında paylaşıb. "İradə olan yerdə saziş də vardır. Bizim də müqaviləmiz var", deyə Yunker yazaraq, dövlət və hökümət başçılarının zirvə toplantısında müqavilənin təsdiq olunmasını tövsiyə edir. 

İngiltərə baş naziri Boris Conson isə razılığın tərəflərə prosesə nəzarəti bərpa etməyə yardım edəcəyini bildirib. Razılaşmanın detalları isə açıqlanmayıb.

Bir neçə saat öncə saziş ilə bağlı ümidlər London və Brüssel arasında müzakirə edilən təkliflərin Şimali İrlandiyanın "DUP" partiyası tərəfindən qəbul edilməməsi ilə azalmışdır. Bu, baş nazir Boris Consona qarşı böyük zərbə sayılır, çünki parlamentdə onlara ehtiyacı vardır. 

AB-nin Breksit üzrə baş məsləhətçisi Mişel Barnier isə Şimali İrlandiyanın mövqeyinin saziş üçün maneə olmadığını əlavə edib və saziş üçün sənədin tam hazır olmasına az qaldığını deyib. 

Qeyd etmək lazımdır ki, iki tərəf arasında razılaşdırılan sənən bundan sonra Böyük Britaniya parlamenti tərəfindən də qəbul edilməlidir. Bu gözləntilər maliyyə bazarlarında birmənalı deyildir.