Brent neftində bahalaşma sürətlənib

01 Fevral 2019

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, neft qiymətlərinin də dəyər qazanmasına təsir edir.

Brent neftində bahalaşma sürətlənib

Avropanın Brent markalı neftinin qiyməti dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması fonunda dəyər qazanmağa başlayıb. Cari həftənin birinci yarısında 62.64$-a kimi 5% dəyər qazanan Brent markalı neftinin bir barel qiyməti, son iki gündür korreksiya etsə də 60.60$-da dəstək alaraq, yenidən bahalaşmağa başlayıb. 


Bunun bir səbəbi keçən həftə ərzində Amerikanın neft ehtiyatlarında artım göstəricilərinin zəifləməsi olub. Bu, enerji bazarlarında neftə olan tələbin artmasına işarədir. Bu gün Amerika sessiyasında isə ABŞ-ın əmək bazarı ilə bağlı fundamental məlumatların açıqlanmasından sonra dolların qiymətlərində son günlər müşahidə edilən ucuzlaşma daha da sürətlənib. 


Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşaraq, artıq ilkin önəmli müqavimət səviyyəsi sayılan 61.38$-ı qırıb. Bundan sonra 61.86$-da müqavimətlə rastlaşan qiymət, bu səviyyənin üzərində möhkəmlənərsə, 62.64$-a kimi də dəyər qazana bilər. Bu səviyyənin qırılması isə qlobal artım dalğasının bərpa olunması demək olacaqdır.