"BREXIT" və İngiltərə iqtisadiyyatına təsiri

05 Aprel 2018

Son günlər "BREXIT" ətrafında yayılan siyasi xəbərlərlə yanaşı, indi də ölkənin tikinti və xidmət sektorlarında böhran izləri diqqət mərkəzindədir.

"BREXIT" və İngiltərə iqtisadiyyatına təsiri

İngiltərənin tikinti və xidmət sektorlarında böhran izləri müşahidə edilir. "CİPS"-in (Chartered Institute of Procurement & Supply) cari həftə ərzində açıqladığı fundamental məlumatlara əsasən, tikinti sektorunda böhran, xidmət sektorunda isə investorların ümidləri azalıb. 


Təşkilatın sektorlar üzrə hazırladığı indekslər investorlar tərəfindən böyük maraqla izlənilir və burada azalmanın şahidi oluruq. Belə ki, çərşənbə günü yayımlanan tikinti sektoru üzrə biznes aktivliyi indeksi mart ayında 51.4 punktdan 47.0 punkta kimi, bu gün açıqlanan xidmət sektoru üzrə indeks isə 54.5 punktdan 51.7 punkta düşüb. Analitiklər müvafiq olaraq yalnız 50.9 və 53.9 punkta kimi azalma gözləyirdilər. İstehsal sektorunda isə göstərici analitiklərin 54.8 punkta kimi azalma qarşılığında əksinə olaraq, 55.0 punktdan 55.1 punkta kimi artıb. Lakin burada da artım dinamikası zəifləyir. 


Beləliklə, İngiltərənin "BREXIT" layihəsi iqtisadiyyatına təsirsiz ötüşmür və bu prosesin gələcəkdə hansı sürətdə davam edəcəyi artıq investorları narahat etməyə bilməz. Təqribən son bir il ərzində İngiltərə iqtisadiyyatı funt sterlinqin BREKSİT referendumundan sonra 1.15$-a kimi dəyər itirməsi fonunda artan inflyasiya ilə təzyiq altında idi. Bu səbəbdən 3% üzərində inkişaf edən inflyasiyaya İngiltərə Mərkəzi Bankının nəzarət edə bilməsi üçün monetar siyasətində dəyişikliyə getdi və faiz dərəcələrini artırmağa başladı. 


GBP/USD məzənnəsi dünya birjalarında 1.40$ ətrafında dalağalanmaqdadır və yalnız dollar və avronun təsiri altında yuxarı-aşağı hərəkəti ilə seçilir. Son günlər "BREXIT" ətrafında yayılan xəbərlər əlavə təzyiq kimi qiymətləndirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, İngiltərənin bu keçid dövrünü başa vurması elə də asan görünmür. 


Qeyd etmək lazımdır ki, biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%).