Bu həftə maliyyə bazarlarında ticarət aktivliyinin artacağı gözlənilir

25 İyul 2016

FED-in və Yaponiya Bankının faiz qərarı və 2-ci rüb üzrə iqtisadi inkişaf göstəriciləri yayımlanacaq

Bu həftə maliyyə bazarlarında ticarət aktivliyinin artacağı gözlənilir
Bu həftə maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək önəmli iqtisadi məlumatların açıqlanması gözlənilir.
 
Amerika iqtisadiyyatı ilə bağlı önəmli məlumat açıqlanacaq.
Bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:45-də Amerika iqtisadiyyatının 70%-i təşkil edən xidmət sektorunda aktivliklə bağlı önəmli məlumat açıqlanacaq. Proqnozlara görə isə iyul ayında Amerikanın xidmət sektorunda aktivlik artıb. Beləliklə, göstərici gözləntilərə uyğun açıqlanarsa, dolların da dünya birjalarında bahalaşmasının şahidi ola bilərik. Eyni zamanda, həmin günü Bakı vaxtı ilə saat 18:00-da Amerikanın ilkin mənzil bazarında və çərşənbə günü saat 18:00-da təkrar daşınmaz əmlak bazarında satış dövriyyəsi ilə bağlı məlumatlar və çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da FED-in faiz qərarı yayımlanacaqdır. 
 
Böyük Britaniya iqtisadiyyatının 2-ci rüb üzrə inkişaf səviyyəsi yayımlanacaq.
Çərşənbə günü Bakı vaxtı ilə saat 12:30-da isə Böyük Britaniyanın ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi yayımlanacaq və iqtisadçılar iqtisadi inkişafın ikinci rübdə daha da artıdığını proqnozlaşdırırlar. Beləliklə, cari ayın əvvəlindən etibarən 5.4% bahalaşan funt sterlinq məlumatın yayımlanmasından sonra daha da bahalaşa bilər.
 
Son bir ay ərzində 9% ucuzlaşan Yen daha da ucuzlaşa bilər.
Dünya maliyyə bazarlarında son zamanlar aktual mövzuya çevrilən Yaponiya Mərkəzi Bankının gələcək pul-kredit siyasəti ilə bağlı gözləntilərə bu həftənin cümə günü Bakı vaxtı ilə saat 09:00-da aydınlıq gətiriləcək. Maliyyə bazarlarında aparılan sonuncu sorğulara əsasən isə Yaponiya Mərkəzi Bankının pul-kredit siyasətini daha da yumşaldacağı gözlənilir. Beləliklə, Yaponiya Bankı pul-kredit siyasətini daha da yumşaldarsa (faizlərin azaldılması, istiqraz alışı proqramının genişləndirilməsi, pul kütləsinin artırılması və s.), bu, yeninin daha da ucuzlaşmasına səbəb ola bilər.