Çin ABŞ-a qarşı rüsumları artırır

31 May 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ticarət böhranının növbəti gərgin mərhələsinə keçməsi investorların diqqət mərkəzində.

Çin ABŞ-a qarşı rüsumları artırır

ABŞ ilə Çin arasında ticarət böhranı növbəti mərhələsinə keçir. Vaşinqtonun rüsum artımı addımına qarşılıq olaraq cümə günündən etibarən Pekin tərəfi də idxal olunan 60 milyard dollar dəyərində məhsullara qarşı gömrük rüsumlarını artırmağı planlaşdırır. 


May ayında Çin hökümətinin bəyan etdiyi cəza tədbirləri Amerika hökümətinin sonuncu dəfə 200 milyard dollar dəyərində idxal olunan məhsullara qarşı rüsumların 10%-dən 25%-ə kimi artırılması tədbirlərinə cavabdır. 


İki ölkə arasında ticarət böhranı getdikcə gərginləşir. Çin tərəfindən idxal olunan məhsullara qarşı rüsumların artırılması ilə yanaşı, Amerika höküməti "Huawei" şirkətini də "qara siyahıya" salıb. 


Çin tərəfi isə ABŞ-ı nadir metal xammalı ilə təminatdan məhrum edəcəyini açıqlayıb. 17 metal elementləri yüksək texnologiyalar, xüsusilə smartfon, kompüter, monitor və başqa elektrik cihazları və ya külək turbinləri və avtomobil sənayesində istifadə edilir. ABŞ sözügedən xammalın 80%-i Çindən idxal edir.