Çin ilə ABŞ arasında gərginlik və bahalaşan Yen

08 Avqust 2018

Beynəlxalq valyuta birjalarında Çin ilə Amerika arasında siyasi və iqtisadi gərginliklərin artması, yenin bahalaşmasına təsir edib.

Çin ilə ABŞ arasında gərginlik və bahalaşan Yen

ABŞ hökümətinin Çin məhsullarına gömrük rüsumlarını artırması qərarı Asiya bazarlarında Yaponiya yeninə olan tələbin artmasına səbəb olub. 


Amerikanın rəsmi qurumları tərəfindən çərşənbə axşamı verilən açıqlamada, Çinin 279 (16 milyard dollar dəyərində) məhsullarına gömrük rüsumlarının 25%-ə kimi artırılması bildirilib. Qərarın avqust ayının 23-dən sonra qüvvəyə minəcəyi gözlənilir. Açıqlamadan sonra Asiya bazarlarında "güvənli liman" rolunu oynayan valyuta kimi Yaponiya yeninə olan tələb artıb. Belə ki, USD/JPY məzənnəsi 110.83 yenə kimi ucuzlaşaraq, cari həftənin minimum səviyyəsini yeniləyib. 


Yaponiya yeninin məzənnəsinə güclü təsir edə biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Bunlar cümə günü Bakı vaxtı ilə saat 3:50-də yayımlanacaq Yaponiyanın 2-ci rüb üzrə iqtisadi inkişaf göstəriciləridir və diqqət mərkəzində saxlanılmalıdır. Texniki təhlillərə əsasən, USD/JPY məzənnəsi uzun müddətli perspektivdə 110.54 səviyyəsini də aşağı istiqamətdə qırarsa, 110.04 və 109.56 səviyyələrinə kimi eniş dalğasını sürətləndirə bilər. 


Amerika höküməti sərt xarici siyasətini ticarət balansında mənfi saldosu (defisit) ilə əlaqələndirir və Çin şirkətləri tərəfindən texnologiyaların oğurlanmasından narahatdır. 


Bu gün Bakı vaxtı ilə saat 7:00-da Çindən açıqlanan rəsmi məlumatlara görə, Çinin xarici ticarət saldosu müsbət 41.47 milyard dollardan 28.05 milyard dollara kimi azalıb. Belə ki, Çin məhsullarına qarşı Amerika tərəfindən tətbiq edilən yüksək gömrük rüsumlarına baxmayaraq, ixrac həcmində illik artım dinamikası 11.2%-dən 12.2%-ə kimi yüksəlsə də, idxal həcmi daha sürətlə artıb: 14.1%-dən 27.3%-ə kimi. 


Dünyada xarici ticarət əlaqələrin sürətlə pisləşməsi və siyasi maneələrin yaradılması istiqamətində uduzan tərəfin olmayacağı aydın olsa da, daha çox hansı tərəfin zərər çəkəcəyi maraqlandırmaqdadır. 


Qeyd etmək lazımdır ki, bundan öncə Amerika höküməti iyul ayının 6-da 34 milyard dollar dəyərində Çin məhsullarına qarşı 25%-lik gömrük rüsumları tətbiq etməyə başlamışdır. Buna qarşılıq olaraq isə Çin höküməti Amerikadan idxal olunan avtomobillərə və soya, donuz əti, mal əti və süd məhsulları kimi kənd təsərrüfati məhsullarına xüsusi ödənişlər tətbiq etdi. Bundan sonra Amerika tərəfi Çinə qarşı gömrük rüsumlarının artırılması siyasətlərini 200 milyard dollara çatdıracaqları təhdidini edib.