Demokratlar Nümayəndələr palatasını "ələ keçirdi"

07 Noyabr 2018

ABŞ-da keçirilmiş parlament seçkisinin Demokratlar partiyasının aşağı palatada üstünlüyü əldə etməsi ilə nəticələnməsi dolları ucuzlaşdırıb.

Demokratlar Nümayəndələr palatasını "ələ keçirdi"

Beynəlxalq valyuta birjalarında ABŞ-da parlament seçkisinin yekun nəticəsi öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətləri 1%-ə kimi bahalaşsa da, yekun nəticələr ilə bağlı mənzərə daha aydın olandan sonra dolların daha da ucuzlaşması ilə yadda qalıb. 


Belə ki, Bakı vaxtı ilə saat 12:00-a olan məlumatlara əsasən, ABŞ-da parlament seçkisi Respublikaçılar partiyasının Senatda və Demokratlar partiyasının isə Nümayəndələr palatasında üstünlüyü ələ almaqla nəticələnib. Respublikaçılar Senatda 51, aşağı palatada isə 192 yer, demokratlar isə Senatda 42 və aşağı palatada 218 yer qazanıb. Beləliklə, qalibiyyət üçün hər iki palatada üstünlük dərəcələri tutulub və indidən seçkinin yekun nəticəsi ilə bağlı qəti fikir formalaşdırmaq olar. 


Qeyd etmək lazımdır ki, cari vəziyyəti "parçalanmlış Konqres" kimi qiymətləndirmək lazımdır. ABŞ prezidenti Donald Trampın nəticəni uğur kimi qələmə versə də, siyasətində müəyyən maneələr yarana bilər. Bu özü ilə bərabər iqtisadi impulsların da azalmasına və iqtisadi inkişaf sürətinin zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, ABŞ ilə Çin arasında çətinləşən ticarət münasibətləri də qismən yumşala bilər.