Dollar son iki həftənin minimumlarında

26 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən ucuzlaşma dinamikası 1%-ə kimi güclənə bilər.

Dollar son iki həftənin minimumlarında

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Avropa sessiyasında ucuzlaşaraq, bazar ertəsinin dəstək səviyyəsini qırıb. Son iki həftənin minimum səviyyələrinə yaxın ticarət edilən dolların qiyməti, keçən həftənin dəstək səviyyəsini qırmaq üzrədir və eniş dalğasının sürətlənə biləcəyi proqnozlaşdırılır. 


Keçən həftənin dəstək səviyyəsinin aşağı istiqamətdə qırılması ilə foreks bazarlarında dollarda ucuzlaşma əlavə olaraq 0.4% də davam edə bilər. Maliyyə bazarlarında dolların 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


Yanvar ayı üzrə Amerika iqtisadiyyatı ilə bağlı fundamental məlumatların mənfi açıqlanmasından sonra dolların qiymətlərində bahalaşma dinamikası zəifləmiş, son bir həftə isə ucuzlaşmağa başlamışdır. 


Pərakəndə satış dövriyyəsi dekabr ayında və sənaye istehsalı yanvar ayında proqnozlaşdırıldığından daha çox azalmışdır. Yanvar ayında xidmət sektorunda işgüzar mühiti ölçən "ISM" indeksi də gözləniləndən zəif açıqlanmış, inflyasiyada da aylıq müqayisədə artım olmayıb. İşsizlik isə ikinci aydır yüksələrək 4.0%-ə çatmışdır. Göstəricilərin proqnozlardan daha sürətlə azalması, iqtisadi risklərin gözləniləndən daha çox olmasına işarədir. 


Bununıa yanaşı, mart ayının son həftələrində planlaşdırılan ABŞ ilə Çinin prezidentləri arasında növbəti görüş fonunda veriləcək növbəti bəyanatlar da diqqət mərkəzindədir. İki ölkə arasında davam edən ticarət böhranı, dünya iqtisadiyyatında investisiyaların və inkişaf dinamikasının zəifləməsinə təsir edib.