Dollar və Qızılın ucuzlaşması səbəbləri

01 May 2020

Alternativ maliyyə bazarının formalaşması fonunda qızıl 1737$-a kimi bahalaşdıqdan sonra ona olan tələb aşağı olaraq qalır.

Dollar və Qızılın ucuzlaşması səbəbləri

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, aprel ayının minimumlarında ticarət edilən qiymətlərin, mart ayının orta qiymətlərinə kimi ucuzlaşacağı proqnozlaşdırılır. 

Amerika Mərkəzi Bankının (FED) mənfi gələcək proqnozlarından sonra cümə axşamı dərc edilən işsizlik müavinətləri üçün müraciət edənlərin dərc edilən həftəlik göstəricisində sürprzi artım foreks bazarlarında dolların daha da ucuzlaşmasına səbəb olub. 

Kriptovalyuta birjalarında da ucuzlaşma müşahidə edilib. Ucuzlaşmaya səbəb isə İsveçrənin kriptovalyuta bazarında investorların uzaqlaşması və hökümətdən 154 milyon franklıq kredit imkanından əlavə olaraq 100 milyon frank dəyərində maliyyə yardımının tələb olunmasıdır. İsveçrədən sözügedən sahədə aktiv olan 203 firmanın 80%-i iflas fonunda xəbərdar edib, yalnız 50 böyük şirkətlərin yarısı bir ilə kimi dayana biləcəklərini bəyan ediblər. 

Bununla yanaşı, Bitkoin (8778$), Laytkoin (48$), Etereum (213$) və Riplin 0.22$) qiymətlərində ucuzlaşma məhdud olub və yenidən cümə axşamının dəstək səviyyələri üzərində ticarət edilməkdədir. 

Tendensiyaların təsiri altında əlvan metallar bazarlarında güvənli liman investisiya aləti - qızılın qiyməti daha da ucuzlaşıb. Qeyd etmək lazımdır ki, dolların təzyiq altında qaldığı və eyni zamanda qlobal iqtisadi böhran şəraitində adətən investorlar qızıla yönəlirdilər. Lakin alternativ maliyyə bazarının formalaşması fonunda bunun əksini, yəni qızıl 1737$-a kimi bahalaşdıqdan sonra  ona olan tələbin aşağı qalmasının şahidi oluruq.