Dolların birjalarda qiyməti fonunda son mənzərə

31 Avqust 2018

Dünya valyuta birjalarında dollar aparıcı valyutalar arasında dəyər itirsə də, inkişaf etməkdə olan ölkə valyutalarına nisbətdə dəyər qazanır.

Dolların birjalarda qiyməti fonunda son mənzərə

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri avqust ayının minimum səviyyələri ətrafında ticarət edilməkdə davam edir. Belə ki, EUR/USD məzənnəsi 1.17-1.16$ aralığında, GBP/USD valyuta cütlüyünün qiyməti 1.30$ ətrafında dalğalanmaqdadır. Lakin digər inkişaf etməkdə olan dövlətlərin milli valyutalarına nisbətdə isə bahalaşır. Nəticədə Rus rublu və Türk lirəsi müvafiq olaraq 2 və 14% dəyər itirib.


Cari tendensiyaya təsir edən fundamental amil, beynəlxalq platformada Amerika ilə digər ölkələr arasında ticarət münasibətlərinin yenidən formalaşdırılmasıdır. Bu fonda yaranan siyasi gərginliklər və iqtisadi risklər də ölkə valyutalarının qiymətlərində öz əksini tapır.


Dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən indeks avqust ayının minimum səviyyələri ətrafında ticarət edilir. Amerika hökümətinin Mərkəzi Bankın siyasətini tənqid etməsi, dolların aparıcı valyutalar arasında ucuzlaşmasına səbəb olmuşdur və iyul ayının minimum səviyyələrinə kimi də 1% ucuzlaşması ehtimalları artır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.