Dünya birjalarında neft qiymətləri 3% ucuzlaşıb

25 May 2018

İyun ayında "OPEC+" razılaşmasının yumşaldıla biləcəyi ilə bağlı gözləntilər, əmtəə birjalarında neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Dünya birjalarında neft qiymətləri 3% ucuzlaşıb

Dünya maliyyə bazarlarında neft qiymətləri son üç ilin maksimum səviyyələrini yenilədikdən sonra son günlər 3% ucuzlaşıb. Avropanın Brent nefti 80.45$-a kimi dəyər qazandıqdan sonra 77.85$-a kimi ucuzlaşıb. Amerikanın "WTI" markalı neftinin bir barel üzrə qiyməti isə cari həftənin birinci hissəsində 72.89$-a təklif edilirdisə, artıq cümə günü təklif edilən qiymət 70.13$-a kimi geriləyib. 


Dünya maliyyə bazarlarında neft fyuçerslərinin qiymətlərində müşahidə edilən ucuzlaşma Səudiyyə Ərəbistanı və Rusiyadan gələn xəbərlərlə əlaqəlidir. Belə ki, iki önəmli neft istehsalı ölkələrini təmsil edən nümayəndələr iyun ayında Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") toplantısında istehsal həcminin məhdudlaşdırılması proqramının ("OPEC+") yumşaldılması haqqında müzakirələr aparmaq niyyətindədirlər. Lakin "OPEC+" razılaşmasında dəyişiklik bazarlardakı vəziyyətdən asılıdır, deyə Rusiyanın enerji naziri Aleksandr Novak bildirib. Rusiya şirkətləri bazarlarda daha çox elastiklik gözləyirlər.