Dünya birjalarında neft qiymətləri 8% ucuzlaşıb

05 İyun 2018

İyun ayında "OPEC+" razılaşmasının yumşaldıla biləcəyi ilə bağlı gözləntilər, əmtəə birjalarında neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.

Dünya birjalarında neft qiymətləri 8% ucuzlaşıb

Dünya maliyyə bazarlarında neft qiymətləri son üç ilin maksimum səviyyələrini yenilədikdən sonra son iki həftdədir 8% ucuzlaşıb. Avropanın Brent nefti 80.45$-a kimi dəyər qazandıqdan sonra 73.85$-a kimi ucuzlaşıb. Amerikanın "WTI" markalı neftinin bir barel üzrə qiyməti isə may ayının ortalarında 72.89$-a təklif edilirdisə, artıq bu gün qiymət 64.20$-a kimi geriləyib. 


Dünya maliyyə bazarlarında neft fyuçerslərinin qiymətlərində müşahidə edilən ucuzlaşma Səudiyyə Ərəbistanı və Rusiyadan gələn xəbərlərlə əlaqəlidir. Belə ki, iki önəmli neft istehsalı ölkələrini təmsil edən nümayəndələr iyun ayında Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") toplantısında istehsal həcminin məhdudlaşdırılması proqramının ("OPEC+") yumşaldılması haqqında müzakirələr aparmaq niyyətindədirlər. Eyni zamanda, bu gün də dünya mediasında ABŞ-ın Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrindən istehsal həcminin artırılması istəyi yayılıb. 


Lakin "OPEC+" razılaşmasında dəyişiklik bazarlardakı vəziyyətdən asılıdır, deyə Rusiyanın enerji naziri Aleksandr Novak da gözləntiləri şərh edərkən bildirmişdi. Rusiya şirkətləri bazarlarda daha çox elastiklik gözləyirlər. 


Qeyd etmək lazımdır ki, "OPEC"-in Vyana şəhərində növbəti rəsmi toplantısı iyun ayının 22-də baş tutacağı və görüş zamanı istehsal həcminin artırılmasının müzakirə edilə biləcəyi gözlənilir.