EUR/USD 1.1735$-a kimi ucuzlaşa bilər

25 Sentyabr 2017

EUR/USD məzənnəsi yeni həftənin başlaması ilə ucuzlaşmağa başlayıb.

EUR/USD 1.1735$-a kimi ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında Mario Draqinin Avropa Mərkəzi Bankının monetar siyasəti ilə bağlı son şərhi, Amerika Mərkəzi Bankının istiqraz balansını azaltması qərarı və dünən Almaniyada parlament seçkilərinin açıqlanan nəticələri ilin başlaması ilə sürətlə bahalaşan avronun qiymətinə təzyiq etməyə başlayıb. 

Belə ki, 2017-ci ilin əvvəlindən etibarən 1.21$-a kimi 17% bahalaşan avronun qiyməti, təqribən son bir aydır 1.18-1.21$ aralığında üfüqi dalğalanmaqdadır. Lakin bu gün Asiya sessiyasının açılışı ilə avro/dollar 1.1897$-a kimi 0.4% ucuzlaşıb və Avropa sessiyasında da ucuzlaşmaqda davam etdiyinin şahidi oluruq.

EUR/USD məzənnəsi üzrə texniki təhlillərə əsasən, artıq 1.1868$-a kimi 0.7% ucuzlaşan qiymət keçən həftənin önəmli dəstək səviyyəsini də aşağı istiqamətdə qırarsa, eniş dalğası 1.1735$-a kimi də sürətlənə bilər. Bu ssenariyə uyğun olaraq isə risk səviyyəsi 90 punkta kimidir, yəni "stoplosslar" 1.1950 səviyyəsində yerləşdirilə bilər. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya səviyyəsi də, investorlar tərəfindən böyük maraqla gözlənilir.