EUR və GBP: AB sammiti diqqət mərkəzində

16 Oktyabr 2018

Bu həftə baş tutacaq Avropa Birliyi sammitində müzakirə ediləcək mövzular və Breksit fonunda danışıqlar investorların diqqət mərkəzindədir.

EUR və GBP: AB sammiti diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri cümə axşamı baş tutacaq Avropa Birliyi (AB) sammiti öncəsi təzyiq altında qalmaqda davam edir. Sammit miqrasiya və daxili təhlükəsizlik mövzusu ətrafında olacaqdır. Sabah isə AB-nin 27 dövlət və hökümət nümayəndələrinin Breksit müzakirəsi gözlənilir.


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. Funt/dollar məzənnəsinin isə 1.31$-ın aşağı istiqamətdə qırılması ilə 1.30$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi funtun 0.6%-lik ucuzlaşması ilə yadda qalmışdır və İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir. 


Bununla yanaşı, İtaliyanın 2019-ci il üzrə təsdiq etdiyi büdcə planının da AB komissiyasına təqdim edilməsi investorların diqqət mərkəzindədir. İtaliya höküməti büdcə defisitini 2.4%-ə (ÜDM ilə müqayisədə) yüksəltməklə, borclanma səviyyəsini və kasıblara maliyyə yardımını artırmaq, keçmiş pensiya yaşına qayıtmaq və sahibkarların vergi yükünün azaltmaq istəyir. Bu isə AB tərəfindən Brüssel razılaşmasından yayınma kimi qiymətləndirilir. İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır və burada böhran ümumilkdə birliyə mənfi təsir edə bilər. 


Bütün bunlar maliyyə bazarlarında yeni borc böhranı riskinə işarə olduğu üçün investorlar tərəfindən narahatlıqla qarşılanır. Siyasi risklər iqtisadiyyata mənfi təsir etməklə, avro və funtun da qiymətlərinə mənfi təsir edir. Bu baxımından bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və Avrozonanın gələcək iqtisadi gözləntilərinə dair indeksi də diqqət mərkəzindədir


Lirə artıq 19% bahalaşıb. 

Türkiyə maliyyə bazarlarında isə lirənin qiyməti dəyər qazanmaqda davam edir. Artıq iki ay ərzində 19% bahalaşan lirə, keçən həftənin maksimum səviyyəsi altında qaldıqca, 5.69 və 5.57TL-yə kimi də bahalaşa bilər.