EUR və GBP: İngiltərədən AB-yə qarşı sərt açıqlamalar

21 Sentyabr 2018

"BREXIT" danışıqları fonunda siyasi risklərin artması, avro və funt sterlinqin dollara nisbətən məzənnələrinin dəyər itirmələrinə səbəb olub.

EUR və GBP: İngiltərədən AB-yə qarşı sərt açıqlamalar

Beynəlxalq valyuta birjalarında İngiltərə ilə Avropa Birliyi (AB) arasında "BREXIT" sazişi danışıqlarının qarşılıqlı sərt tələblərlə müşayiət olunması, avro və funt sterlinqin ucuzlaşmasına səbəb olur. EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.17$-a kimi 0.6% və 1.31$-a kimi 1.8% ucuzlaşıblar. 


AB-nin İngiltərədən yeni referendum tələbi bu gün baş nazir Tereza Meyin açıqlaması ilə bir daha geri çevrilib. İngiltərənin baş naziri cümə günü çıxışı zamanı "Heç bir müqavilə, ziyanlı razılaşmadan daha yaxşıdır", deyə vurğulayıb və hökümətin də buna hazırlaşmağını istəyib. Bununla yanaşı, Tereza Mey çərşənbə günü baş tutan AB-nin qeyri-rəsmi sammitində verilən açıqlamalara belə cavab verib: "AB-ni həmişə hörmətlə qarşılamışam, lakin İngiltərə də bunu gözləyir. Biz birlikdən yeni təkliflər gözləyirik və beləliklə, nə referendumun nəticələri ləğv ediləcək, nə də ölkəsinin parçalanmasına icazə veriləcəkdir. Xüsusilə də Şimali İrlandiya məsələsində hökümət qəti mövqeyindən geri çəkilməyəcəkdir". 


Qeyd etmək lazımdır ki, İngiltərə 2019-ci ilin mart ayında AB-ni tərk edəcək. Hər iki tərəf isə oktyabr ayının ortalarına kimi müştərək müqavilənin razılaşadırılmasını planlaşdırır. Lakin son aylardır davam edən danışıqlarda müəyyən mövzular ətrafında qərarsızlıq mövcuddur. "BREXIT"-dən sonra Şimali İrlandiya ilə AB-nin üzvü olan İrlandıya Respublikası arasında sərhəd yoxlamalarının qarşısının alınması, xüsusi müzakirə predmetidir və razılıq əldə etmək çətinləşib. İngiltərənin baş naziri Tereza Mey isə bu problemi gələcək münasibətləri özündə ehtiva edən müqavilə ilə həll etməyə çalışır. 


Bunun üçün İngiltərə azad iqtisadi zona sazişi istəyir. Lakin bu sazış fonunda da AB-nin həm xidmət sektoru, həm də əmtəə məhsulları ticarətinin nəzərdə tutulması şərti London tərəfindən ayrı seçkilik kimi qəbul edilir. AB indiyə kimi digər ölkələrlə bütün sazişlərində bu şərti irləi sürməyib. Bu məsələ ətrafında İngiltərə ilə AB arasında bir razılıq olmasa da, İngiltərə höküməti artıq keçid dövrü işlərinə başlayıb və AB vətəndaşları üçün əmək bazarında xüsusi imtiyazları ləğv etməyə başlayıb.