"FED" faiz artımı gözləntilərini təsdiqlədi

22 Noyabr 2017

"FOMC" üzvlərinin əksəriyyəti faiz artımının tərəfdarı olsalar da, digər tərəfdən inflyasiya narahatlıqları da qalmaqdadır.

"FED" faiz artımı gözləntilərini təsdiqlədi

Amerika Mərkəzi Bankı (ing.: "FED") dekabr ayı üzrə faiz artımı gözləntilərini təsdiq edib. "FED"-in monetar siyasət komitəsinin (ing.: "FOMC") çərşənbə günü açıqladığı sonuncu toplantı (31.10. - 01.11.) protokoluna əsasən, əksər komitə üvzləri uçot faiz dərəcəsinin "yaxın gələcəkdə" artırılmasının önəmliyini vurğulayıblar. Lakin azlıqda olan üzvlər aşağı inflyasiyanı da əsas gətirərək, faiz artımına qarşı çıxıblar. Onların fikrincə, sürətli faiz artımı "FED"-in siyasətinə qarşı inamı azalda bilər. 

Narahatlıqlar daha çox, aşağı inflyasiyanın inflyasiya gözləntilərinin də azalmasına təsir edə biləcəyi ilə əlaqədadır. Belə ki, əksər üzvlər inflyasiyanın uzun müddət 2.0%-in altında qala biləcəyini gözləyirlər. Janet Yellen də sonuncu çıxışlarında, bu mövzuya toxunaraq, inflyasiyanın aşağı düşməsinə imkan verməyin, təhlükəli ola biləcəyini bildirib. Digər tərəfdən isə inflyasiyanın çox artması fonunda narahat olanlar da, faiz artımında gecikmənin gələcəkdə səbəb ola biləcək mənfi təsirlərini xatırladıblar.

Qeyd etmək lazımdır ki, ABŞ-da iqtisadi inkişafın sürətlənməsinə və məşğulluqa səviyyəsinin artmasına baxmayaraq, qiymət artımı bankın gözləntilərinin altındadır. Əmək bazarında işsizlik səviyyəsi 4.1% ilə son 17 ilin minimum səviyyəsinə kimi azalsa da, əmək haqlarında artım çox aşağıdır və zəif olaraq qalacağı da gözlənilir.