FED faizlərini dəyişmədi

09 Noyabr 2018

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının faiz qərarının açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşıb.

FED faizlərini dəyişmədi

Amerika Mərkəzi Bankı (FED) cümə axşamı uçot faiz dərəcələrinin aşağı və yuxarı sərhədlərini dəyişməyərək, 2.00-2.25%-də saxlayıb. Maliyyə bazarlarında da bu ehtimal edilirdi. Son bir ay ərzində isə beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb ilin sonuna kimi dördüncü faiz artımı ehtimalları idi. Lakin bu, daha çox dekabr ayında proqnozlaşdırılır. 


2018-ci ildə FED-in dördüncü faiz artımına gedə biləcəyi ehtimalalrına səbəb isə ABŞ-da iqtisadi inkişafın artması və əmək bazarında işsizliyin son 48 ilin minimum səviyyəsinə düşməsidir. Belə ki, Amerikada ÜDM ikinci rübdə 4.2%-ə yüksəlib, üçüncü rübdə isə 3.5%-ə kimi azalsa da, mütəxəssislər tərəfindən yüksək qiymətləndirlir. Beləliklə, ÜDM-də güclü dinamika və işsizliyin 3.7% ilə ölkədə əmək haqları və inflyasiyanın da artmasına təsir edə biləcəyi gözlənilir. İnflyasiyada artım dinamikası isə FED-in faiz artımı sürətinə təsir edəcəkdir. 


Sonuncu dəfə əmək haqlarında 3.1% ilə güclü göstəricilərin açıqlanmasına baxmayraq, inflyasiya 2.3%-ə kimi azalmışdır. Lakin inflyasiyanın da azalmasına baxmayaraq, mərkəzi bankın 2%-lik hədəfinin üzərindədir. Gələn həftənin çərşənbə günü isə ABŞ-da inflyasiya ilə bağlı yeni göstəricilər dərc ediləcəkdir. 


Cümə axşamı verilən faiz qərarı fonunda toplantıda aparılan müzakirələrə dair dəqiq məlumatlar isə noyabr ayının 29-da yayımlanacaq toplantı protokolunda göstəriləcəkdir. Qərarın açıqlanmasından sonra dünya valyuta birjalarında dolların indeksində bahalaşma sürətlənib və cari ilin maksimum səviyyəsinə kimi bahalaşa biləcəyi proqnozları gücləndirib.