FED hər an faiz artımı qərarını verə bilər

18 İyul 2016

Amerika iqtisadiyyatında hal-hazırkı müsbət tendensiyanın 2017-ci ilin sonuna kimi davam edə biləcəyi proqnozlaşdırılır

FED hər an faiz artımı qərarını verə bilər
ABŞ Federal Ehtiyat Sisteminin iyul ayının 27-də faiz qərarı gözlənilir və bu toplantıda faiz artımı ehtimalı çox yüksəkdir.
 
Amerika iqtisadiyyatı tam məşğulluq səviyyəsindədir və hədəflənən inflyasiya səviyyəsinə doğru inkişaf edir. Bu müsbət tendensiyanın isə 2017-ci ilin sonlarına kimi davam edə biləcəyi ehtimalı faiz artımı ehtimalını da artırır.
 
ABŞ-da 2007-ci ilin avqust ayında maliyyə böhranının başlamasına kimi işsizlik 4.7% və inflyasiya səviyyəsi isə 2.00% ətrafında idi. Lakin böhranın başlamasından sonra 2010-ci ilə kimi işsizlik 10.2%-ə kimi artdı və inflyasiya səviyyəsi (-2.1)%-ə kimi azaldı (Deflyasiya). ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) isə böhran fonunda ölkə iqtisadiyyatına dəstək olmaq üçün 2007-ci ilin avqust ayında uçot faiz dərəcəsini 5.25%-dən 4.75%-ə kimi 50 punkt endirdi. FED-in bu addımı maliyyə böhranından sonra ilk müsbət təsirini 2009-ci ilin sentyabr ayında deflyasiya səviyyəsinin (-2.1)%-dən (-1.5)%-ə kimi, işsizlik səviyyəsinin isə 2009-ci ilin dekabr ayında 10.2%-dən 10.0%-ə kimi azalmaqla göstərdi. Yəni FED faizləri azaltdıqdan sonra iqtisadiyyatda ilk müsbət təsirini 2 ildən sonra göstərməyə başladı. Bu gün isə Amerikanın əmək bazarında tam məşğulluq və istehlak qiymətlərində 1-2% aralığında inflyasiya, yəni Amerika iqtisadiyyatında inkişaf müşahidə edilir.
 
Nəzərə alsaq ki, FED-in yumşaq pul siyasəti 2015-ci ilin dekabr ayına kimi davam etmişdir, bu zaman Amerika iqtisadiyyatında hal-hazırkı müsbət tendensiyanın 2017-ci ilin sonuna kimi davam edə biləcəyi proqnozlaşdırılır. Nəticədə FED də ilk dəfə olaraq, 2015-ci ilin dekabr ayının 16-da ilk faiz artımı həyata keçirməklə, yumşaq pul siyasətində sərt pul siyasətinə başladı və faiz dərəcələrinin daha da artırılacağı mesajlarını verməyə başladı. 
 
Amerika iqtisadiyyatında tam məşğulluğun və 1-2% inflyasiyanın (2%-lik hədəfə çatacağı da gözlənilir) 2017-ci ilə kimi davam edə biləcəyi gözlənilirsə, faiz artımının da şahidi ola bilərik və bu, iyul ayından etibarən hər an baş verə bilər. Bu səbəblə, FED sədri Janet Yellen hər ay açıqlanan faiz qərarının "yüksək faiz artımı ehtimalı"-ı da olduğunu bildirmişdir.
 
Lakin 2015-ci ilin dekabr ayında ilk faiz artımından sonra növbəti faiz artımı addımlarının müşahidə edilməməsi, FED-in dünya iqtisadiyyatında bəzi riksləri, xüsusilə də BREXIT-i gözləməsi ilə bağlı idi. BREXIT qərarından sonra isə dünya maliyyə bazarlarında "şok yaşansa" da, bu, gözləniləndən zəif oldu və maliyyə bazarlarında cari vəziyyət stabil qiymətləndirilir. 
 
FOMC-nin sonuncu (iyun ayı üzrə) topalantı protokollarına əsasən isə faiz dərəcələri 2016-ci ilin sonuna kimi 0.9%-ə kimi, 2017-ci ildə isə 1.6%-ə kimi artırıla biləcəyi proqnozlaşdırılır.