FED-in protokolu və önəmli göstəricilər

05 İyul 2018

Dünya birjalarında aktivliyin artmasına təsir edə biləcək hadisələr gözlənilir, EUR və GBP-nin isə ucuzlaşa biləcəyi proqnozları aktuallığını qorumaqda.

FED-in protokolu və önəmli göstəricilər

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələrində zəif dalğalanma davam etməkdədir.


Lakin bu gün və sabah maliyyə bazarlarında aktivliyin yenidən arta biləcəyi baxımından çox önəmlidir. Belə ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da Amerika Mərkəzi Bankının (FED) iyun ayı üzrə toplantı protokolu yayımlanacaq. Protokol ABŞ-da əmək haqları və faiz artımı üzrə gözləntilər fonunda investorların diqqət mərkəzindədir. Sabah saat 16:30-da isə əmək haqlarında və işsizlik səviyyəsində dəyişikliklə bağlı göstəricilər yayımlanacaq.


Xatırladaq ki, iyun ayının 14-də uçot faiz dərəcəsinin yuxarı sərhədi 2.0%-ə kimi artırılandan sonra FED sədri mətbuat konfransında hökümətin yeni vergi siyasətinin müsbət qarşılandığını, lakin idxal rüsumlarının artırılmasının mənfi nəticələri müşahidə olunmasa da qeyri-müəyyənliyin artmasına təsir etdiyini bildirmişdir. Bununla yanaşı, o, inflyasiyanın daha da arta biləcəyini proqnozlaşdırmaqla bərabər, əmək haqlarında artımların məyus edici olduğunu əlavə etmişdir. Qiymətli kağızlar bazarlarında da risklərin olması vurğulanmışdır.


Avronun qiyməti 1.16-1.17$, funt sterlinqin qiyməti 1.32-1.33$ aralığında ticarət edilir, Dollar/Lirə məzənnəsi isə 4.67TL-yə təklif edilir.


Təhlillərə əsasən isə dünyada siyasi və iqtisadi risklərin mövcudluğu və FED-in sərt monetar siyasəti aparıcı valyutaların dollara nisbətən məzənnələrinin əlavə olaraq 3%-ə kimi də dəyər itirə biləcəkləri proqnozlaşdırmağa əsas verir.