FED: İnflyasiyanın dayanıqlığından danışmaq tezdir

24 May 2018

Amerika Mərkəzi Bankının may ayı toplnatısının protokolunda əlavə faiz artımları fonunda gözləntilər zəif olaraq qalır. Dollar 0.4% dəyər itirib.

FED: İnflyasiyanın dayanıqlığından danışmaq tezdir

Amerika Mərkəzi Bankının (FED) iyun ayında növbəti faiz artımı ehtimalları dəqiqləşib. FED-in may ayının 1-i və 2-sində baş tutan toplantısında monetar siyasəti müəyyən edən komitə (ing.: "FOMC") üzvlərinin əksəriyyəti faiz artımını dəstəkləyib. 


Mərkəzi bank may ayında siyasətinin sərtləşdirilməsi istiqamətində fasilə edərək, uçot faiz dərəcələrinin yuxarı və aşağı sərhədlərini 1.50-1.75% səviyyəsində saxlayıb. Lakin maliyyə bazarlarında iyun ayının 13-də baş tutacaq toplantıda faiz artımının olacağı əminliyi mövcuddur. 


Bununla yanaşı, çərşənbə günü açıqlanan toplantı protokolunda ilin sonuna kimi neçə faiz artımının olacağı mövzusunda fərqli fikirlər səslənib. İnflyasiyanın 2.5% ilə hədəfin üzərində olmasına baxmayaraq, hədəfin üzərində artmaqda davam etməsi uzun müddətli gözləntilərin möhkəmlənməsi üçün əlverişli hesab edilir. Protokolda inflyasiyanın 2% ətrafında dayanıqlı inkişafından danışmaq tez olduğu göstərilir, çünki uzun illərdir hədəfin altında olub. 


Bəzi üzvlər isə faiz strukturu fonunda narahatlıqlarını dilə gətiriblər. Belə ki, onlar uzunmüddətli və qısa müddətli faizlər arasında fərqin azalmasına işarə ediblər və bunun nəzarətdə saxlanılmasını vurğulayırlar. Qısamüddətli faizlər ilə uzunmüddətli faizlər arasında fərq böhrana işarə ola bilər. 


Toplantı protokolunun yayımlanmasından sonra maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilib.