FED qərarının birjalara mümkün təsiri

12 İyun 2018

ABŞ-ın yeni xarici siyasəti isə ölkədə inflyasiyanın arta biləcəyinə işarədir və FED-in əlavə faiz artımına gedə biləcəyini proqnozlaşdırmağa əsas verir.

FED qərarının birjalara mümkün təsiri

Çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarı və saat 22:30-da baş tutacaq mətbuat konfransı dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


Ümumi məlumat. 

Amerika Mərkəzi Bankı (FED) ildə 8 dəfə uçot faizlərini müzakirə edir.Bu qərar investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.FED-in faiz qərarında adətən aşağıdakı ssenarilərdən biri baş verir:

    a) Faiz qərarından öncə maliyyə bazarlarında faiz dəyişikliyi artıq proqnozlaşdırılıb;

    b) Faiz qərarına kimi faizlərin dəyişməyəcəyi proqnozlaşdırılır;

    c) Faiz qərarına kimi gözləntilər qeyri-müəyyəndir və sürpriz qərar açıqlanır.

Birinci və ikinci ssenarilər maliyyə aktivlərinin ticarəti zamanı artıq əvvəlcədən nəzərə alınır və investorlar gələcək gözləntilərə fokuslanır. Məhz bu zaman yarım saat sonra baş tutan mətbuat konfransında gələcək gözləntilərə dair verilən açıqlamalar daha çox investorların diqqət mərkəzində olur. Sonuncu ssenaridə isə açıqlanan qərardan asılı olaraq, dalğalanma daha yüksək olur.


Nə gözlənilir?

İlk öncə qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral ayından maliyyə bazarlarında FED-in iyun ayında 2.00%-ə kimi faiz artımına gedə biləcəyi proqnozları çox yüksək idi. Bu səbəbdən dolların aparıcı valyutalara nisbətən orta qiyməti bu günə kimi 8%-ə kimi dəyər qazanıb. ABŞ-ın yeni xarici ticarət siyasəti isə ölkədə inflyasiyanın daha da arta biləcəyinə işarədir ki, bu, FED-in ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyini proqnozlaşdırmağa əsas verir. Lakin bunu investorlar FED sədri Jerom Povelin dilindən eşitmək istəyəcəklər.


Valyuta birjalarına təsiri. 

FED sədri mətbuat konfransında ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyi ilə bağlı hər hansı bir fikir bildirərsə, bu, dolların aparıcı valyutalara nisbətən məzənnələrinin əlavə olaraq 2%-ə kimi bahalaşmasına təsir edə bilər. Bu, eyni zamanda FED-in ABŞ-da inflyasiya artımının nə qədər dayanıqlı qiymətləndirməsindən asılı olacaqdır.