FED: Risklər azalıb, lakin yenə də ehtiyatlıyıq

02 May 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gğzlənilən FED açıqlamaları ümumilikdə müsbət qiymətləndirilib.

FED: Risklər azalıb, lakin yenə də ehtiyatlıyıq

Amerika mərkəzi bankı (FED) ehtiyatlı pul-kredit siyasətinə davam edir, lakin dünya iqtisadiyyatı fonunda nikbinliyini də qoruyur. Çərşənbə günü FED-in faiz qərarı fonunda verdiyi açıqlamaya əsasən, monetar siyasətin müəyyən olunmasında səbrli olunacaqdır. Bununla da bank uçot faizlərində dəyişikliyin olmayacağına işarə edir və faiz dəhlizini proqnozlaşdırıldığı kimi 2.25-2.50% aralığında saxlayır. 


Lakin kommersiya banklarının ehtiyatları üzrə faiz dərəcəsi 2.35%-ə kimi 0.05% aşağı salınıb və bu, uçot faiz dəhlizinin yuxarı sərhədinin altındadır. Bu addımı mütəxəssislər siyasətin yumşaldılması kimi qiymətləndirmirlər, banklararası bazarda faizlərin getdikcə FED-in yuxarı faiz sərhədinə yaxınlaşdığı üçün texniki tədbir kimi görürlər. 


Mart ayında olduğu kimi FED ehtiyatlı davranmağını dünya iqtisadiyyatında və maliyyə bazarlarındaki vəziyyət ilə əlaqələndirir. Dünya bazarlarında ticarət münasibətlərin gərginləşməsi və ümumi iqtisadi dinamikanın zəifləməsi mövzusunda komitə üzvləri həm fikirdirlər. 


FED sədri Jerom Povel isə mətbuat konfransında ehtiyatlı mövqelərini müdafiə edib. Avrozona və Çin ilə bağlı sonuncu dəfə açıqlanan fundamental göstəricilər yaxşılaşıb. ABŞ ilə Çin arasında yeni ticarət müqaviləsinin razılaşdırılması danışıqları da müsbət istiqamətdə inkişaf edir, sazişsiz Breksitin də olmayacağı ehtimalları da artıb. İnflyasiya ilə bağlı da fikirlər müsbət olub. Amerikada inflyasiyanın azalmasına baxmayaraq, bu, qısa müddətli amillər ilə əlaqələndirilir. 


FED üçün dünya iqtisadiyyatı vəziyyətinin dəyərləndirilməsi çox önəmlidir. Burada risklərin artması bankı 2015-ci ilin sonunda başlatdığı faiz artımını bu il dayandırmasına məcbur etdi. Gözləntilərin müsbət olmasına baxmayaraq, bank sədri cari pul-kredit siyasətini münasib hesab edir. Bu gün faiz artımı üçün Povel bir məcburiyyət görmür. 


Amerika iqtisadiyyatının, xüsusilə əmək bazarının güclü olması ilə yanaşı xarici təhdidlər ilə üzüzə qalması və aşağı inflyasiya ümumi mənzərənin qarışıq olmasına səbəb olur və bu səbəbdən FED də ehtiyatlı siyasət həyata keçirir. 


FED-in əsas iki mandatı yüksək məşğulluğa və hədəflədiyi inflyasiyaya nail olmaqdır. Amerika iqtisadiyyatında birincinin təmin olunmasına baxmayaraq, ikincisi hədəflərin altındadır.