FED: Risklər azalsa da diqqətli olmaq lazımdır

30 Yanvar 2020

Amerika Mərkəzi Bankı faizlərini dəyişməyib, siyasətini münasib hesab etsə də korona virus ilə yeni risklərin yarana biləcəyinə işarə edib.

FED: Risklər azalsa da diqqətli olmaq lazımdır

Amerika Mərkəzi Bankı (FED) 2019-ci ildə üç faiz azaldılması əməliyyatlarından sonra çərşənbə günü faizini dəyişməyərək, idarə heyətinin yekdilliyi ilə 1.5-1.75% aralığında saxlayıb. 

Bununla yanaşı, mərkəzi bank dekabrda səsləndirdiyi kimi bir daha cari pul-kredit siyasətini münasib hesab edərək, gələcəyə dair neytral siqnal vermiş olub. Lakin bunun fundamental göstəricilərdən asılı olaraq dəyişə biləcəyi də əlavə edilib. 

Bu istiqamətdə isə son günlərin əsas mövzusuna çevrilən Korona virusun önəmli təsirləri ola biləcəyi dilə gətirilib. ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanması və razılaşdırılmamış Breksitin qarşısının alınması, əksər riskləri azaltmaqla, iqtisadiyyatda nikbinliyi artırıb. Virusun yayılması isə riskləri yenidən artıra bilər. Korona virusu daha çox Japoniya və Çin iqtisadiyyatlarına təsir etməklə, qlobal səviyyəyə də təsir edə bilər. 

FED-in banklararası bazara qiymətli kağızların alışı əməliyyatları ilə müdaxiləsi də aprel aya kimi davam etdiriləcəkdir. Sözügedən əməliyyatlarla banklar əlavə likvidliklə təmin edilir ki, keçən ilin payızında baş verən bazar turbulansı bir daha təkrarlanmasın. Nəticədə FED-in balansı əlavə olaraq 400 milyard dollar yenidən artması, maliyyə bazarlarına da təsir edir. Jerom Povel isə mətbuat konfransında bunun yumşaq monetar siyasət olmadığını bildirib: "Çox hadisə maliyyə bazarlarına təsir edir".