Foreks: Avropa sessiyasında dollarda ucuzlaşma

29 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətində müşahidə edilən ucuzlaşmanın səbəbləri investorların diqqət mərkəzində.

Foreks: Avropa sessiyasında dollarda ucuzlaşma

Avropa sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. 


Mart ayının əvvəlindən etibarən Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəiflədiyi müşahidə edilir. Bu, dolların dünya birjalarında 2018-ci ilin əvvəlindən etibarən 11% bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Son bir həftə ərzində dolların qiymətləri bahalaşsa da təzyiqin arta biləcəyi və eniş dalğasına başlaya biləcəyi proqnozları zamanla artmaqdadır. 


Son bir il ərzində dolların bahalaşması fonunda Amerikanın xarici ticarətində defisit təqribən 50 milyard dollardan 60 milyard dollara kimi artıb. 


Bununla yanaşı, pərakəndə satış dövriyyəsində aylıq azalma dinamikası 1.9% ilə son 9 ilin maksimum səviyyəsinə çatmış, sənaye istehsalında illik artım dinamikası, xidmət sektorunda və ümumi iqtisadiyyatda işgüzar aktivlik son bir ilin minimum səviyyələrinə düşüb. 


Cari həftə ərzində isə Amerikanın tikinti və daşınmaz əmlak bazarında dövriyyənın azalmasına dair göstəricilər yayımlanmaqdadır. 


Yuxarıdakı fundamental göstəricilər gələcək aylar ərzində dollara olan tələbin azalmasına səbəb ola bilər və dollarda müşahidə edilən cari üfüqi dalğalanma eniş dalğası ilə əvəz edilə bilər. 


Hökümət də dolların çox baha olduğunu tez-tez təkrarlayır və Donald Tramp Amerika mərkəzi bankının (FED) sərt monetar siyasətini tənqid etməkdədir.