Foreks bazarlarında dollar maksimumları yenilədi

05 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, əlavə olaraq 0.3% də davam edə bilər.

Foreks bazarlarında dollar maksimumları yenilədi

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində gün ərzində müşahidə edilən 0.2%-lik bahalaşma, keçən həftənin maksimum səviyyəsinin qırılması ilə nəticələnib. Bu foreks bazarlarında dolların daha da bahalaşa biləcəyi ehtimallarını nisbətən gücləndirsə də qlobal olaraq dollara qarşı təzyiqlər qalmaqdadır.


Dolların aparıcı valyutalara nisbətən qiymətləri son günlər ABŞ-dan açıqlanan müsbət fundamental göstəricilər fonunda dəstək alaraq, 0.8% bahalaşmışdır. Belə ki, cümə günü Amerikanın əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. Lakin nəzərə almaq lazımdır ki, dolların qiyməti ilin əvvəlindən Amerika Mərkəzi Bankının (FED) cari il üzrə növbəti faiz artımı ehtimallarının azalması fonunda ucuzlaşmağa başlamışdı və bu ehtimallar öz aktuallığını qorumaqdadır. FED-in keçən həftə verdiyi açıqlamalar isə bu ehtimalları daha da gücləndirmişdi. Birinci bank bu dəfə mərhələli faiz artımından danışmaq əvəzinə "səbrli" davranmağın üstünlüyünü vurğulamışdı.


Təhlillərə əsasən, dollar indeksi günün dəstək səviyyəsi üzərində qalarsa, cari bahalaşması 0.3% də davam edə bilər. Alternativ olaraq, dəstək səviyyəsinin qırılması ilə dolların qiymətində sürətli ucuzlaşmanın şahidi ola bilərik.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.