Foreks: Çinin ABŞ dövlət istiqrazlarına investisiyaları

10 Yanvar 2018

Cari həftə ərzində Çin yuanının 0.8% ucuzlaşmasından sonra dollara olan təzyiqlər də artıb.

Foreks: Çinin ABŞ dövlət istiqrazlarına investisiyaları

Dünya maliyyə bazarlarında Çin ilə Amerika arasında iqtisadi gərginliklə bağlı yayımlanan məlumatlardan sonra ticarət aktivliyi də güclənib. Cari həftə ərzində Çin yuanının 0.8% ucuzlaşmasından sonra Çinin ABŞ istiqrazlarına olan investisiyalarını da geri çəkə biləcəyi ilə bağlı iddialar dollara olan təzyiqlərin yenidən artmasına səbəb olub. Nəticədə dolların aparıcı valyutalara nisbətən orta qiyməti də 0.8% ucuzlaşıb, 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə 2,59%-ə yüksəlib (2017-ci ilin mart ayından ən yüksək göstərici).

Xarici mətbuata əsasən, Çinin xarici valyutalarda olan aktivlərin vəziyyətini təhlil edən mütəxəssislər, ABŞ dövlət istiqrazlarına investisiyaların azaldılmasını və ya tam dayandırılmasını tövsiyyə ediblər. 

Məlumatlara əsasən, ABŞ dövlət istiqrazları digər aktivlərlə müqayisədə az cəlb edicidir və ABŞ ilə davam edən iqtisadi gərginlik bu aktivlərə olan investisiyaların azaldılması və ya dayandırılması üçün zəmin ola bilər. Lakin gərginliyin investisiyalara mənfi təsir etməsi ilə bağlı səbəblər açıqlanmayıb. 

Dünyanın ən böyük valyuta ehtiyatına (3.1 trilyon dollar) sahib Çin, investisiya siyasətini müntəzəm olaraq gözdən keçirir və təkliflərin həyata keçirilməsi qərarı ilə bağlı dəqiq məlumat yoxdur. 

Nəzərə almaq lazımdır ki, Çin yuanın ucuzlaşması da çərşənbə günü sürətlənmişdir. Belə ki, USD/CNY məzənnəsi son günlər Çin Mərkəzi Bankının məzənnə açıqlamalarından sonra 6.5343 yuana kimi bahalaşıb. Bazar iştirakçıları yuandakı ucuzlaşmanı mərkəzi bankın milli valyutasını saxlamaq gücünün tükənməsi ilə əlaqələndirirdilər. 

Qeyd etmək lazımdır ki, Çinin sahib olduğu aktivlər daha əvvəllər də geosiyasi gərginliklər fonunda gündəmə gəlmişdir.