Foreks: Dollar 0.6% də bahalaşa bilər

27 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən bahalaşma investorların diqqət mərkəzində.

Foreks: Dollar 0.6% də bahalaşa bilər

Dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika sessiyasında 0.5% bahalaşıb və 0.6%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Bahalaşma foreks bazarlarında dollara olan tələbin artması ilə əlaqələndirilir. Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin son zamanlar mənfi açıqlanmasına baxmayaraq, dollara tələb güclü olaraq qalır. Xüsusilə də Avrozona və Çin iqtisadiyyatında risklərin artdığı bir vaxtda. 


Keçən həftənin cümə günü Avrozonanın xidmət sektoru ilə bağlı işgüzar aktivliyi ölçən indeks azalmışdır. Çində isə işsizlik 0.4% artmış, sənaye istehsalında illik dinamika 0.4% azalıb. 


Bununla yanaşı, Amerika mərkəzi bankının (FED) 2019-cu il üzrə iki faiz artımı gözləntilərinin faiz artımının olmayacağı gözləntiləri ilə dəyişdirilməsi, maliyyə bazarlarında bir mənalı qarşılanmır və bazar iştirakçıları daha güclü siqnallar gözləyirlər. 


Bu baxımından bu gün Bakı vaxtı ilə saat 16:30 və 19:00-da açıqlanacaq Amerikanın xarici əməliyyatlar balansı ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir. 


Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən qiymətləri keçən həftənin müqavimət səviyyəsi üzərində möhkəmlənərsə, 0.6%-ə kimi dəyər qazana bilər.