Foreks: Dollar 1% ucuzlaşa bilər

07 Dekabr 2018

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri iqtisadi və siyasi risklərin artması ilə yenidən ucuzlaşmağa başlayıb.

Foreks: Dollar 1% ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında ABŞ-ın Çin ilə xarici ticarət münasibətləri fonunda gərgin müzakirələrin getdiyi bir vaxtda, xarici ticarət kəsirinin son səkkiz ayın maksimum səviyyəsinə çatması xəbərləri dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 


Belə ki, Amerikanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, mənfi saldo 5-ci aydır ard-arda artaraq 55.5 milyard dollara çatıb. İxrac 211.1 milyard dollar, idxal isə 266.5 milyard dollar olub. 


Amerikanın fond bazarları da yenidən təzyiq altındadır. Sonuncu dəfə ABŞ ilə Çin arasında xarici ticarət əlaqələri fonunda müsbət razılığın əldə olunmasına baxmayaraq, çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, sözügedən münasibətlər fonunda riskləri yenidən artırıb. 


Amerikanın “S&P” (2621.3) və “Dow Jones” (24240) indeksləri son bir ayın minimum səviyyələrinə kimi 7% ucuzlaşıb. 


Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin də minimum səviyyəsini aşağı istiqamətdə qırarsa, ucuzlaşma son bir ayın minimum səviyyəsinə kimi 1% davam edə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır və maliyyə bazarlarında dalğalanmanı daha da artıra bilər.