Foreks: Dollar və Funt diqqət mərkəzində

06 Sentyabr 2019

Foreks bazarlarında “NFP” göstəriciləri öncəsi dollarda bahalaşma investorların diqqət mərkəzindədir.

Foreks: Dollar və Funt diqqət mərkəzində

Beynəlxalq maliyyə bazarlarında bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. 

Amerikanın qeyri-kənd təsərrüfatı sahələrində məşğulların 160 min artması proqnozlaşdırılır. Təcrübə göstərir ki, 200 minin altında açıqlanan göstərici dollara güclü təsir etmir. Bununla yanaşı, əmək haqlarında da 0.3%-lik aylıq artım da güclü qiymətləndirilmir. 

Lakin göstəricilər proqnozlaşdırılandan daha yaxşı açıqlanarsa, dollarda bahalaşma daha da güclənə bilər. 

Beləliklə, EUR/USD məzənnəsi 1.10$-a kimi ucuzlaşıb və 1.11$-ın altında qaldıqca, 1.09$-a kimi də ucuzlaşa bilər. Saat 13:00-da Avrozonanın iqtisadi inkişafı ilə bağlı dərc ediləcək fundamental göstəricilər də önəmli əhəmiyyət kəsb edir. 

Son günlər İngiltərədə sazişsiz Breksit ehtimallarının azalması fonunda 1.23$-a kimi bahalaşan GBP/USD məzənnəsinin isə 1.26$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bu baxımından saat 14:00-da İngiltərə parlamentinin tətilə göndərilməsi qərarına və saat 21:00-da sazişsiz Breksitin qarşısını alan qanunun parlamentdə qəbul edilməsinə dair xəbərlər də investorların diqqət mərkəzində olacaqdır.