Foreks: Dollar yenidən bahalaşa bilər

06 Sentyabr 2018

ABŞ ilə Kanada arasında danışıqların bərpası və önəmli fundamental məlumatların da müsbət açıqlanması ehtimalları, dolları yenidən bahalaşdıra bilər.

Foreks: Dollar yenidən bahalaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bu həftə müşahidə edilən ucuzlaşma növbəti bahalaşma ilə əvəz edilə bilər. Amerika ilə Kanada arasında “NAFTA” ticarət sazışı danışıqlarının bərpası və çərşənbə günü Donald Tramp tərəfindən verilən müsbət açıqlamalar bu istiqamətdə aparıcı rol oynaya bilər.


Keçən həftənin cümə günü danışıqların dayandırılmasından sonra ölkə rəsmilərinin cari həftə yenidən bir araya gəlməsi, maliyyə bazarlarında müsbət qarşılanıb. ABŞ, Kanada və Meksika arasında 1994-cü ildə yaradılan "NAFTA" ticarət sazışınin, ABŞ höküməti tərəfindən bəzi şərtlərinin yenidən müzakirələri son günlər maliyyə bazarlarında investorların diqqət mərkəzinə düşüb. Meksika ilə artıq keçən həftənin bazar ertəsi ilkin razılığın əldə olunmasına baxmayaraq, Kanada ilə xüsusilə, kənd təsərrüfatı investisiyaları sahəsində və hüquqi bazada müəyyən mövcud olan maneələr, razılığın əldə olunmasını çətinləşdirir. Kanadanın baş naziri keçən həftə açıqlamasında xalqının maraqlarına qarşı qərar verməyəcəyini bildirsə də, çərşənbə axşamı Donald Tramp danışıqları "intensiv" adlandırmaqla yanaşı, bundan sonra ABŞ-la ədalətli rəftar ediləcəyinə də ümid etdiyini əlavə edib: "Biz onların ədalətli rəftarı üçün kifayət qədər addım atmışıq". 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın xidmət sektoru ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir. 


Beləliklə, foreks bazarlarında dolların qiymətində bahalaşma, EUR/USD məzənnəsinin 1.15$, GBP/USD məzənnəsinin isə 1.27$-a kimi ucuzlaşmasına səbəb ola bilər.


Qızılın qiymətində 1181$-a kimi ucuzlaşma proqnozları. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1199$-a kimi bahalaşıb. Lakin burada da 1181$-a kimi ucuzlaşma müşahidə edilə bilər.