Foreks: Dollarda bahalaşma və səbəbləri

04 Aprel 2019

Beynəlxalq valyuta birjalarında Avropa sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir.

Foreks: Dollarda bahalaşma və səbəbləri

Avropa sessiyasında foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. 


Dünya birjalarında dollarda bahalaşma Breksit riskinin gündəmdə olması və cümə günü Amerikadan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli statistik göstəricilər ilə əlaqələndirilir. 


Bu gün Böyük Britaniyanın yuxarı palatası hökümətin sazişsiz Breksit siyasətinin qarşısını alan qanun layihəsini müzakirə edir. Aşağı palata tərəfindən çərşənbə günü təsdiq edilən qanun layihəsi maliyyə bazarlarında sazişsiz Breksit risklərinin azalmasına səbəb olmuşdur. Bu, foreks bazarlarında GBP/USD məzənnəsinin 1.32$-a kimi bahalaşmasına da səbəb olmuşdur. 


Cümə günü ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanacaq işsizlik və əmək haqları ilə bağlı vacib statistik göstəricilər, dolların gələcək trendinə dair proqnozların formalaşması üçün önəmlidir. 


Əmək haqlarının və məşğulluq səviyyəsinin artım dinamikasının zəifləməsi proqnozlaşdırılır. Bu, ölkənin iqtisadi potensialının zəifləməsinə və beləliklə, gələcəkdə dollara olan tələbin də azala biləcəyinə işarədir. 


Lakin investorlar tələsmirlər və cümə günü açıqlanacaq göstəriciləri gözləyirlər və bu, dolların iki gündür müşahidə eniş dalğası fonunda korreksiyasına səbəb olur.