Foreks: Dolların qiymətində ucuzlaşma

01 Noyabr 2018

Dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər öncəsi dolların qiymətlərində ucuzlaşma müşahidə edilir.

Foreks: Dolların qiymətində ucuzlaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi 1.13$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1218$-a ticarət edilməkdədir.


Dollar indeksində müşahidə edilən 0.4%-lik ucuzlaşma, dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər fonunda investorların ehtiyatlı davranmaları ilə əlaqədardır. 


Belə ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər. Sabah saat 16:30-da isə ABŞ-ın əmək bazarı ilə bağlı ciddi statistik məlumatlar dərc ediləcəkdir. 


Dolların neft qiymətlərinə təsiri. 

Enerji bazarlarında isə Amerikanın neft ehtiyatları ilə bağlı göstəricilərin açıqlanmasından sonra Avropanın Brent neftinin bir barel qiyməti ucuzlaşıb və 75$-ın altında təklif edilməkdədir. Bu gün isə dolların qiymətində gözlənilən güclü dalğalanmanın burada da öz təsirini göstərə biləcəyi gözlənilir.