Foreks: FED-in sərt siyasəti və dolların bahalaşması

02 Avqust 2018

Dolların aparıcı valyutalara nisbətən qiymətinin daha da bahalaşa biləcəyi proqnozları FED-in açıqlamalarından sonra daha da güclənib.

Foreks: FED-in sərt siyasəti və dolların bahalaşması

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi Amerika Mərkəzi Bankının açıqlamalarından sonra dolların bahalaşması fonunda 1.1650$-a kimi ucuzlaşıb.


Türkiyə maliyyə bazarlarında isə Türkiyə ilə Amerika arasında siyasi gərginliyin artması fonunda USD/TRY məzənnəsi 5.01TL-yə kimi bahalaşıb.


Təhlillərə əsasən, son iki ayın maksimum və minimum səviyyələri aralığında ticarət edilən dolların aparıcı valyutalara nisbətən orta qiyməti, keçən həftənin maksimum səviyyəsini də qırarsa, əlavə olaraq 0.5%-ə kimi də bahalaşa bilər.


GBP/USD məzənnəsi isə 1.31$ ətrafında dar dəhliz daxilində ticarət edilir. Buna səbəb isə investorların bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı fonunda ehtiyatlı davranmalarıdır. Maliyyə bazarlarında uçot faiz dərəcəsinin 0.50%-dən 0.75%-ə kimi artırılması gözlənilir. Daha önəmlisi isə faiz qərarından yarım saat sonra bank sədri Mark Karneyin mətbuat konfransında çıxışıdır. Beləliklə, beynəlxalq valyuta birjalarında volatillik daha da arta bilər. 


Əlvan metallar bazarlarında isə qızılın qiyməti son iki həftədir 39$ ətrafında dalğalanmaqdadır. Dünyada siyasi risklərin yenidən artığı bir şəraitdə qızılın qiymətində də yenidən bahalaşma müşahidə edilə bilər. Belə ki, qızılın bir qram üzrə qiyməti 39.50$-a kimi bahalaşarsa, artım dalğası 39.80$-a kimi də sürətlənə bilər.