Funt sterlinq təzyiq altında

09 İyul 2018

Dünya valyuta birjalarında İngiltərədə siyasi risklər fonunda funt sterlinqin qiymətləri sürətlə ucuzlaşmağa başlayıb.

Funt sterlinq təzyiq altında

Dünya valyuta birjalarında funt sterlinqin qiymətləri bazar ertəsi Avropa sessiyasında 1.3362$-a kimi 0.6% bahalaşdıqdan sonra siyasi xəbərlər ilə 1.3240$-a kimi 0.8% ucuzlaşıb. 


Belə ki, İngiltərənin xarici işlər naziri və İngiltərənin Avropa Birliyindən ayrılmasını (ing.: "BREXIT") müdafiə edən Boris Consonun istefa verməsi maliyyə bazarlarında siyasi risklərin artması gözləntiləri ilə funtun sürətlə ucuzlaşmasına təsir edib. 


Bundan öncə isə İngiltərənin baş naziri Tereza Mey ilə İngiltərənin "BREXIT" naziri Deyvid Deyvis arasında mübahisə üzündən ikincisi istefasını təqdim edib və hökümət tərəfindən təsdiq edilib. Çox keçmədən baş nazir yeni "BREXIT" nazirini açıqlayıb: Dominik Raab. Deyvis baş nazirin siyasi kursundan narazıdır və İngiltərə ticarətinin AB-yə uzun müddətli olaraq bağlı qalmasını təhlükəli hesab edir. 


Bununla yanaşı, EUR/GBP məzənnəsi də 0.8873 funta kimi 0.7% bahalaşıb və 0.8880 funta kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də 1.3242$-ın altında qalarsa, 1.3205$-a kimi ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, İngiltərə AB-ni 2019-ci ilin mart ayının 29-da tərk etməyi planlaşdırır. Cari ilin payız ayına kimi isə "BREXIT" fonunda yekun müqavilə imzalanmalıdır.