FX: Dollar güvənli liman maliyyə aləti kimi bahalaşdı

10 Dekabr 2019

Dollardaki bahalaşma cari həftə ərzində açıqlanacaq önəmli faiz qərarları və siyasi hadisələr öncəsi investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır.

FX: Dollar güvənli liman maliyyə aləti kimi bahalaşdı

Beynəlxalq valyuta birjalarında Amerikadan açıqlanan müsbət fundamental göstəricilər və Çin ilə ticarət müqaviləsinin imzalana biləcəyi ümidləri fonunda dolların aparıcı valyutalara nisbətən qiymətləri dəstək görərək, 0.5% bahalaşdığı səviyyələrdə ticarət edilməkdədir. 

Bununla yanaşı, dollardaki bahalaşma cari həftə ərzində Avropa və Amerika mərkəzi bankları tərəfindən açıqlanacaq önəmli qərarlar və İngiltərədə keçiriləcək parlament seçkisi öncəsi investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır və dollara güvənli liman maliyyə aləti kimi tələb yaranıb. 

Beləliklə, avro və funt sterlinq müvafiq olaraq 1.11 və 1.32$-ın altında dalğalanmaqdadır. 

Bu gün isə Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən dərc ediləcək iqtisadi inkişaf, sənaye və ticarət dövriyyəsi ilə bağlı önəmli statistik məlumatlar diqqət mərkəzində olacaqdır.