FX: Dollar təzyiq altında qalmaqdadır

15 Aprel 2020

Dolların aparıcı valyutalara nisbətən qiymətinin keçən həftənin minimumunda ticarət edilməsi, dəyər itirməkdə davam edəcəyi proqnozlarını daha da artırır.

FX: Dollar təzyiq altında qalmaqdadır

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Bunun əsas səbəbi isə Amerika Mərkəzi Bankının iqtisadiyyata dəstək olmaq üçün 2.3 milyard dollarlıq yeni yardım paketinin tətbiq etməsidir. İngiltərə Bankı da bunun kimi addım atsa da funtun qiyməti hazırda daha etibarlı hesab edilir. Avropa Mərkəzi Bankının ultra yumşaq monetar siyasəti isə yeni deyil və artıq sərhəd tanımır. 

Beləliklə, bazarlarda həm dollar, avro və funt tezyiq altında olsa da şahidi olduğumuz siyasət fonunda öndə olan ölkənin valyutası daha çox ucuzlaşır. Təhlillərə əsasən isə EUR/USD ilə GBP/USD məzənnələrində müşahidə edilən bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. USD/JPY məzənnəsi üzrə təhlillərdə ucuzlaşması ehtimallarının artması istiqamətindədir. 

Bütün bunlar əlvan metallar bazarlarında qızıla olan tələbi də artırır. 1700$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymətin son 8 ilin maksimumuna - 1800$-a kimi dəyər qazanacağı proqnozları da artmaqdadır. 

Qlobal iqtisadiyyatın zəifləməsi, Türkiyənin ixrac potensialına mənfi təsir etməklə yanaşı, TCMB-nin faiz azaldılması siyasəti fonunda xarici investisiyaların azalması gözləntiləri lirəyə olan təzyiqləri daha da artırır. USD/TRY məzənnəsi hazırda 2018-ci ilin avqust ayının maksimumuna doğru bahalaşmaqdadır və bu, 7.10 lirə səviyyəsi ehtimallarını da artırır. 

Qeyd etmək lazımdır ki, qlobal iqtisadiyyatın öncül dövlətlərində iqtisadiyyat aşırı pul yardımı ilə ayaqda saxlanılmaqdadır. Lakin bu, iqtisadiyyatlara qısa müddətli perspektivdə müsbət təsir etsə də gələcəkdə yüksək inflyasiya riski qapıda dayana bilər. Beləliklə, cari pul-kredit siyasəti fonunda gözləntilər sözügedən ölkələrin valyutalarına olan tələbin azala biləcəyi istiqamətindədir.