GBP/USD: Volativliyin artması gözlənilir

07 Oktyabr 2019

İngiltərə ilə AB arasında 19 oktyabra qədər Breksit razılaşması əldə olunmazsa,31 oktyabrda sərt Breksit reallaşa və funt ucuzlaşa bilər.

GBP/USD: Volativliyin artması gözlənilir

Ötən həftə Böyük Britaniyanın baş naziri B. Conson AB-nə Breksit sazişinin son versiyasını göndərdi. Yeni sazişdə Consonun mövqeyinin bir qədər mülayimləşməsi nəzərə çarpır. 

Mülayimləşmə İrlandiya və Krallığın tərkibində olan Şimali İrlandiya arasında ümumi tənzimləmə zonası yaratma təklifi ilə bağlıdır. Bununla yanaşı, Conson Şimali İrlandiya institutlarına tənzimləmə zonasından çıxma və tənzimləmələrə riayət etmə hüququnu da təklif edib. 

Rəsmi Brüssel mülayimləşməni qəbul etsə də, yeni sazişin daha çox təkminləşdirilməsini istəyib. B. Conson isə razılaşmanın 19 oktyabra qədər əldə olunmaması təqdirdə 31 oktyabrda sərt Breksitin reallaşacağını bildirib. 

19 oktyabra qədər funt sterlinqin 1.2274$ həddinə qədər ucuzlaşması ehtimal edilir. Razılaşma əldə edilməzsə və 31 oktyabrda sərt Breksit reallaşarsa, funt kəskin şəkildə ucuzlaşa bilər, 1.2209$ tarixi minimumunu aşarsa, daha da dərin ucuzlaşma müşahidə oluna bilər. 

Lakin funtun qiymətinə ABŞ-da gedən D. Trampın impiçment prosesləri də təsir edə bilər. Baxmayaraq ki, cümə günü açıqlanan işsizlik səviyyəsi son 49 ilin ən yaxşı göstəricisidir və dollar qısa müddətli bahalaşa bilər, impiçment qeyri-müəyyənlik yaradıb, dollara olan inamı azalda bilər və bu da GBP/USD məzənnəsinin yenidən bahalaşmasına səbəb ola bilər.