Avropa: İqtisadi gözləntilər son beş ilin minimumunda

10 İyul 2018

Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal artıq 2-ci aydır zəifləyərək son 5 ilin minimum səviyyəsinə çatıb.

Avropa: İqtisadi gözləntilər son beş ilin minimumunda

Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin (alm.: "ZEW") çərşənbə axşamı verdiyi məlumatlara əsasən, Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal iyul ayında sıfırın altında 18.7 punkta kimi azalıb. Analitiklər isə yalnız 13.2 punkta kimi azalma proqnozlaşdırırdılar. Beləliklə, göstərici 2012-ci ilin sentyabr ayından etibarən ən aşağı səviyyəyə düşüb. Göstərici maliyyə bazarları iştirakçıları tərəfindən diqqətlə izlənilir və 350 investor və analitiklər arasında aparılan sorğu əsasında hazırlanır.


"ZEW" indeksi 2016-ci ilin avqust ayında sıfırın üzərində inkişaf edərək, 2017-ci ilin may ayında 20.6 punkt ilə maksimum səviyyəyə çatmışdır. Bundan sonra azalmağa başlayan göstərici, 2018-ci ilin iyun ayından etibarən artıq 2-ci aydır sıfırın altında dərc edilir və son beş ilin minimum səviyyəsindədir. 2012-ci ilin avqust ayında göstərici  21.2 açıqlanmışdır. Bu, Avrozona iqtisadiyyatında böhranın dərinləşməsinə işarədir. 


Avrozonanın ən güclü iqtisadiyyatına sahib Almaniyada isə göstərici 24.7 punkt ilə artıq 4-cü aydır sıfırın altında artaraq, son 6 ilin minimum səviyyəsinə yaxınalaşıb. 


Dünya valyuta birjalarında da EUR/USD məzənnəsi aprel ayından 1.15$-a kimi 7% ucuzlaşmışdır. Bundan sonra məzənnə 3% bahalaşsa da, 1.18$-ı yuxarı istiqamətdə qıra bilmir. Avrozona üzrə mənfi fundamental göstəricilər fonunda müqavimətlə rastlaşan qiymət bu gün 1.1717$-a kimi ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə bədbinliyə dair işarədir.