"Ifo": İxracatçıların gözləntiləri 2009 səviyyəsində

25 Sentyabr 2019

Almaniya iqtisadiyyatı ilə bağlı son aylar dərc edilən mənfi göstəricilər Avropa iqtisadiyyatı üzrə gözləntiləri də azaldır.

"Ifo": İxracatçıların gözləntiləri 2009 səviyyəsində

Almaniyalı ixracatçılar arasında əhavl-ruhiyyə 2009-cu ilin maliyyə böhranından sonra ən pis səviyyəsinə düşüb. Belə ki, sənaye sektorunda ixrac gözləntilərini ölçən indeks sentyabr ayında mənfi 5.2 punkta kimi 2.9 punkt azalıb. Bu haqda məlumatı Almaniyanın "Ifo" İnstitutu çərşənbə günü verib və göstərici 2300 müəssisə arasında aparılan sorğu əsasında hazırlanıb. 

Avqustda kiçik artım müşahidə edilmişdir. "Sərt Breksit kölgəsini yaymağa başlayıb. Dünya iqtisadiyyatından alman ixracatçıları üçün cari vəziyyətdə müsbət impulslar demək olar ki yoxdur", deyə institutun sədri Klemens Füst deyib. 

Daha çox azalma kimya sənayesində müşahidə edilməkdədir. Bunun əsas səbəbi isə Yaxın Şərqdə vəziyyətin gərgin olmasıdır. Səudiyyə Ərəbistanının neft zavodlarına edilən dron hücumları xammal qiymətlərini bahalaşdırmışdı. Rezin və plastik məhsul istehsalında da çətin günlər gözlənilir. Elektrotexnika istehsalçıları isə gəlirlərinin azalmasına hazırlaşırlar. Sonuncuların ixrac gözləntiləri 2009-cu ilin gözləntilərinə bərabər olub. 

Lakin institut bu ay tekstil və içki istehsalında müsbət tendensiya qeydə alıb. 

Qeyd etmək lazımdır ki, çərşənbə axşamı Almaniyanın işgüzar mühitinə dair açıqlanan "Ifo" indeksi 94.6 punkt ilə mart ayından etibarən ilk dəfə artım nümayiş etdirib.