İngiltərə Bankının faiz artımı ehtimalları artıb

21 İyun 2018

"BoE" may və iyun aylarında faiz artımına getməsə də avqust və sentyabr aylarında bunun baş verə biləcəyi proqnozları qismən artıb.

İngiltərə Bankının faiz artımı ehtimalları artıb

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") yumşaq monetar siyasəti ilə iqtisadiyyata dəstək olmaqda davam etməkdədir. Belə ki, uçot faiz dərəcəsi 0.5%, istiqraz alışı proqramı da cari səviyyədə saxlanılıb. Bank 2017-ci ilin noyabr ayında son on il ərzində ilk dəfə uçot faiz dərəcəsini 0.25%-dən bugünkü səviyyəyə qaldırmışdır. 


Məlumatların açıqlanmasından sonra son iki həftə ərzində 1.31$-a kimi 3% ucuzlaşan GBP/USD məzənnəsi 1.32$-a kimi bahalaşıb. Bahalaşmaya səbəb isə bankın 9 idarə heyəti üzvləri arasında faiz artımı tərəfdarlarının 2-dən 3-ə yüksəlməsidir. Bu, bankın gələcək aylar ərzində növbəti faiz artımına gedə biləcəyi ehtimallarının artmasına səbəb olur. Eyni zamanda, istiqraz alışı proqramının faiz dərəcəsi 1.5%-ə çatana kimi azaldılmayacağı bəyanatı da funtun qiymətinə təsir edir, çünki bu göstərici əvvəl 2.0% idi. 


Qeyd etmək lazımdır ki, cari ilin əvvəlində maliyyə bazarlarında may ayında növbəti faiz artımı gözlənilirdi. Lakin iqtisadi göstəricilərin zəifləməsi və bank sədri Mark Karney tərəfindən verilən qeyri-müəyyən açıqlamalar gözləntilərin azalmasına səbəb olmuşdur. Nəticədə may və iyun aylarında faiz siyasətində dəyişiklik müşahidə edilmədi. Növbəti faiz artımı gözləntilərinin qismən yüksək olan aylar isə avqust və sentyabr aylarıdır.