İngiltərə iqtisadiyyatı 2015-ci ildən azalır

25 May 2018

İngiltərədə iqtisadi inkişaf dinamikasının azalmaqda davam etməsi, funt sterlinqin 2018-ci il ərzində 1.33$-a kimi ucuzlaşmasına səbəb olub.

İngiltərə iqtisadiyyatı 2015-ci ildən azalır

Cümə günü İngiltərənin statistika idarəsinin açıqladığı məlumatlara görə, ÜDM 1-ci rübdə rüblük olaraq 0.1%, illik olaraq isə 1.2% artıb. Analitiklər 1-ci rübdə illik artımın 1.4%, rüblük artımın isə 0.3% səviyyəsində olacağını gözləyirdilər. 


ÜDM ölkə ərazisində müəyyən vaxt ərzində istehsal olunmuş mal və xidmətlərin dəyərini göstərir və iqtisadi inkişaf səviyyəsini əks etdirir. Bu gün yayımlanan göstəricilər ikinci hesablanma idi və 2018-ci ilin 1-ci rübü ilə bağlı yekun məlumatların isə 2018-ci ilin iyun ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında GBP/USD cütlüyünün qiyməti sürətli eniş dalğasını cari həftə ərzində 1.33$-a kimi davam etdirdikdən sonra qismən korreksiya edib. 


Qeyd etmək lazımdır ki, İngiltərə iqtisadiyyatı 2014-ci ildə 3.0%, 2015-ci ildə 2.1%, 2016-ci ildə 1.9% və 2017-ci ildə isə 1.4% böyümüşdür. Beləliklə, illik inkişaf səviyyəsi 2014-ci ildən 2017-ci ilə kimi 3.0%-dən 1.4%-ə kimi azalıb, 2018-ci ildə də azalmaqda davam edir.