İngiltərədə inflyasiya 2.4%-də möhkəmlənib

14 Noyabr 2018

"BoE"-nin faiz artımı siyasəti fonunda ölkədə inflyasiya 2.4% səviyyəsində möhkəmlənib. Məlumatlar GBP/USD məzənnəsinin 0.7% ucuzlaşmasına təsir edib.

İngiltərədə inflyasiya 2.4%-də möhkəmlənib

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri oktyabr ayında aylıq olaraq gözləniləndən zəif - 0.1% artaraq, illik dinamikanın 2.4% səviyyəsində qalmasına səbəb olub. Analitiklər aylıq inflyasiyada 0.2%-lik artım, illik artım dinamikasının isə 2.5% səviyyəsinə kimi artacağını proqnozlaşdırırdılar. 


Beləliklə, cari ilin aprel ayından iyun ayına kimi 2.4%-də qərarlaşan qiymətlərdə artım göstəricisi, avqust ayında yüksələrək 2.7%-ə çatsa da yenidən geri qayıdıb. 


İngiltərənin Avropa Birliyindən (AB) ayrılması (ing.: "BREXIT") qərarından sonra funt sterlinqin ucuzlaşması, ölkədə inflyasiyanın 3.0%-ə kimi yüksəlməsinə təsir etmişdir. Bu vəziyyət ölkənin iqtisadi inkişaf dinamikasının zəifləməsinə (1.3%) səbəb olmaqla yanaşı, "BoE"-ni də uçot faiz dərəcəsini artırmağa məcbur etmişdir. Bankın sərt faiz siyasəti yüksək inflyasiyanın qarşısını almaqla, ÜDM-in də artmasına səbəb olur. Bundan sonra inflyasiya 2.4%-ə kimi azalmış, iqtisadi inkişaf dinamikası 1.5%-ə yüksəlməsinə təsir edib. 


Məlumatların açıqlanmasından sonra beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsi 1.2885$-a kimi 0.7% ucuzlaşmışdır. 


Qeyd etmək lazımdır ki, bu gün İngiltərə hökümətinin təqdim etdiyi 500 səhifəlik Breksit planı səs verməyə çıxarılacaqdır.