İngiltərədə inflyasiya 2.5%-ə kimi yenidən artıb

15 Avqust 2018

İngiltərə Mərkəzi Bankının uçot faiz artımı siyasətinə baxmayaraq, ölkədə inflyasiya yenidən artıb. GBP/USD məzənnəsi təzyiq altında qalmaqda davam edir.

İngiltərədə inflyasiya 2.5%-ə kimi yenidən artıb

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri iyul ayında aylıq olaraq dəyişməsə də, illik olaraq 2.5% artıb. Analitiklər aylıq inflyasiyada 0.1%-lik azalma, illik artım dinamikasının isə 2.5% səviyyəsinə yüksələcəyini proqnozlaşdırırdılar. Göstəricilər aprel-iyun ayları ərzində son bir ilin minimum səviyyəsində qərarlaşmışdı.


Eyni zamanda, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası 1.9% səviyyəsində qalıb. Bu, mart ayında 2.3% idi. Beləliklə, İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") yumşaq monetar siyasətindən uzaqlaşması, daha çox baza indeksinə təsir etdiyinin şahidi oluruq. 


İngiltərənin Avropa Birliyindən (AB) ayrılması (ing.: "BREXIT") qərarından sonra funt sterlinqin ucuzlaşması, ölkədə inflyasiyanın 3.0%-ə kimi yüksəlməsinə təsir etmişdir. Bu vəziyyət ölkənin iqtisadi inkişaf dinamikasının zəifləməsinə (1.3%) səbəb olmaqla yanaşı, "BoE"-ni də uçot faiz dərəcəsini artırmağa məcbur etmişdir. İngiltərə Bankı uçot faizini artırmaqla inflyasiyanın qarşısını almağa çalışır. 


Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Hal-hazırda 1.2668$-a ticarət edilən məzənnə, Amerika Mərkəzi Bankının sərt monetar siyasəti və ölkədə "BREXIT" siyasi riskləri fonunda təzyiq altında qalmaqda davam edir.