İngiltərədə işsizlik artır, inflyasiya azalır

13 Noyabr 2018

İngiltərənin əmək bazarı ilə bağlı fundamental məlumatların mənfi açıqlanması, GBP/USD məzənnəsini təzyiq altında saxlayır. Məzənnə 1.29$-a ticarət edilir.

İngiltərədə işsizlik artır, inflyasiya azalır

İngiltərədə işsizlik səviyyəsi son 43 ilin minimum səviyyəsinə kimi azaldıqdan sonra yenidən artıb. İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarda işsizlik səviyyəsinin sentyabr ayında 20.2 min nəfər artaraq, ümumi işsizlik səviyyəsi 4.1%-ə kimi artmasına səbəb olub. Mütəxəssislər isə işsizlik səviyyəsində daha az - yalnız 4.3 min nəfər artım gözləyirdilər. Ümumi işsizlik səviyyəsində isə dəyişiklik gözlənilmirdi. 2018-ci ilin fevral ayında işsizlik səviyyəsi 4.0%-ə kimi 0.2% azalmaqla, 1975-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə düşüb və avqust ayına kimi bu səviyyədə qalmışdır. 


Bununla yanaşı, işsizlik səviyyəsinin azalmasına baxmayaraq, orta əmək haqlarında artım dinamikası da aylıq müqayisədə 2.8%-dən 3.0%-ə yüksəlib. Bu isə son üç ilin maksimum səviyyəsidir. 


Məlumatlar funt sterlinqin qiymətində güclü dalğalanmaya səbəb olmayıb. GBP/USD məzənnəsi keçən həftənin ortalarından etibarən 1.28$-a kimi 3% ucuzlaşdıqdan sonra yenidən bahalaşıb və 1.29$-a ticarət edilməkdədir. 


Bu gün dərc edilən göstəricilər ilk baxışda qarışıq görünsə də sentyabr ayı üzrə inflyasiya göstəriciləri mənfi qiymətləndirməyə əsas verir. İnflyasiya sözügedən ay ərzində 2.7%-dən 2.4%-ə kimi azalmışdır. Beləliklə, İngiltərədə əmək haqlarının artmasına baxmayaraq, işsizliyin artması, ölkədə inflyasiyanın da azalmasına səbəb olub. Bu isə funtun qiymətində öz əksini artıq tapıb. Belə ki, GBP/USD məzənnəsi sentyabr ayı üzrə açıqlanan inflyasiya göstəricisindən sonra 1.32$ qiymətindən ucuzlaşmağa başlayıb. Sabah Bakı vaxtı ilə saat 13:30-da isə oktyabr ayı üzrə yeni inflyasiya göstəriciləri açıqlanacaqdır.