İngiltərənin milli statistika mərkəzinin cümə günü verdiyi məlumata görə, dekabr ayında sənaye istehsalı 1.3% azalıb, emal sənayesi isə 0.3% artıb. Mütəxəssislər emal sənaye sektorunda artımın olacağını düzgün proqnozlaşdırsalar da, ümumi sənaye sektorunda yalnız 0.9%-lik azalma gözləyirdilər.
Sənaye sektorunda azalma müşahidə edilməklə yanaşı, ticarət balansında defisit də 12.5 milyard funt sterlinqdən 13.6 milyard funt sterlinqə yüksəlib. Görünür, bahalı GBP/USD məzənnəsi İngiltərənin xarici ticarət dövriyyəsinə mənfi təsir etməklə, sənaye istehsalının da zəifləməsinə səbəb olub. Qeyd etmək lazımdır ki, ölkə pul vahidinin xarici bazarlarda baha olması, ixrac məhsullarının da bahalaşmasına və beləliklə, rəqabətliliyinin azalmasına təsir edir. GBP/USD məzənnəsi dekabrda 1.33$-ın üzərində ticarət edilib.
Eyni zamanda, investorların "BREXIT" qeyri-müəyyənliyi fonunda passiv olmaları da daxili bazara mənfi təsir etməkdədir. İstehlak aktivliyinin azalması da burada önəmli rol oynayır.
Dünya valyuta birjalarında GBP/USD məzənnəsi məlumatların açıqlanmasından sonra 1.3907$-a kimi 79 punkt ucuzlaşıb.