İngiltərədə sənaye sektoru son 5 ilin minimumlarında

11 İyun 2018

Bahalı funt sterlinq İngiltərənin xarici ticarət dövriyyəsinə və sənaye istehsalına mənfi təsir etməkdədir. GBP/USD məzənnəsi 1.33$-a kimi ucuzlaşdı.

İngiltərədə sənaye sektoru son 5 ilin minimumlarında

İngiltərənin milli statistika mərkəzinin bazar ertəsi verdiyi məlumata görə, aprel ayında sənaye istehsalı 0.8%, emal sənayesi isə 1.4% azalıb. Mütəxəssislər sənaye sektorunda 0.2%, emal sənaye sektorunda 0.3% artımın olacağını proqnozlaşdırırdılar. Emal sənayesində azalma səviyyəsi 2013-ci ilin fevral ayından etibarən ən aşağı göstərici hesab edilir. 


Sənaye sektorunda azalma müşahidə edilməklə yanaşı, ticarət balansında defisit də 12.0 milyard funt sterlinqdən 14.0 milyard funt sterlinqə yüksəlib. Bahalı GBP/USD məzənnəsi İngiltərənin xarici ticarət dövriyyəsinə mənfi təsir etməklə, sənaye istehsalının da zəifləməsinə səbəb olub. Ölkə pul vahidinin xarici bazarlarda baha olması, ixrac məhsullarının da bahalaşmasına və beləliklə, rəqabətliliyinin azalmasına təsir edir. GBP/USD məzənnəsi aprel ayında 1.39$-a ticarət edilib.


Eyni zamanda, investorların "BREXIT" qeyri-müəyyənliyi fonunda passiv olmaları da daxili bazara mənfi təsir etməkdədir. İstehlak aktivliyinin azalması da burada önəmli rol oynayır. 


Dünya valyuta birjalarında GBP/USD məzənnəsi məlumatların açıqlanmasından sonra 1.34$-dan 1.33$-a kimi ucuzlaşıb.