İngiltərənin ticarət kəsiri yenidən artdı

10 Oktyabr 2018

İngiltərənin xarici ticarət dövriyyəsində mənfi saldo yenidən artıb, sənaye sektorunda aktivlik azalıb. Funt sterlinq 0.4% ucuzlaşdı.

İngiltərənin ticarət kəsiri yenidən artdı

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, avqust ayında sənaye istehsalı 0.2% artıb, emal sənayesi isə 0.2% azalıb. Mütəxəssislər sənaye və emal sənaye sektorunda 0.1%-lik artımın olacağını proqnozlaşdırırdılar. 


Emal sənayesində azalma səviyyəsi aprel ayında 2013-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə çatmışdı. Bundan sonra may və iyun aylarında 0.6%-ə kimi artım müşahidə edilsə də vəziyyət yenidən son iki aydır azalma ilə davam edir. 


Sənaye sektorunda azalma müşahidə edilməklə yanaşı, ticarət balansında defisit də 10.4 milyard funt sterlinqdən 11.2 milyard funt sterlinqə yüksəlib. May ayında ticarət kəsiri 12.5 milyard funt sterlinq ilə maksimum səviyyəsinə çatmışdı. 


İngiltərədə Breksit fonunda siyasi risklər ölkə iqtisadiyyatına, xarici ticarət dövriyyəsinə mənfi təsir etməklə, sənaye istehsalının da zəifləməsinə səbəb olur. Bununla yanaşı, İngiltərə Mərkəzi Bankının yüksək inflyasiyaya qarşı faiz artımı siyasəti və funtun xarici bazarlarda baha olması, ixrac məhsullarının da bahalaşmasına və beləliklə, rəqabətliliyinin azalmasına təsir edir. GBP/USD məzənnəsi avqust ayında 1.30$-a ticarət edilib.


Dünya valyuta birjalarında GBP/USD məzənnəsi məlumatların açıqlanmasından sonra günün maksimum səviyyəsindən 1.3135$-a kimi 0.4% ucuzlaşıb.